Almaniyanın xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius Berlindən Almaniyada fevralın 23-də keçiriləcək parlament seçkilərinə qədər Ukraynaya əlavə 3 milyard avro hərbi yardım göstərməsini istəyirlər .
Bakupost.az xəbər verir ki, “Der Spiegel”in mənbələrinə görə, buna federal kansler, sosial demokrat Olaf Şolts qarşı çıxır.
Nəşr yazır ki, müdafiə və xarici işlər nazirləri Ukraynaya yeni silah partiyası ilə kömək etmək zərurətini onunla əsaslandırırlar ki, son aylarda Rusiya hücumunun sürətlənməsi səbəbindən Ukraynada cəbhədə vəziyyət pisləşib və yanvarın 20-də baş tutacaq Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-nin Ukraynaya hərbi yardımı davam etdirib-etdirməyəcəyi də bəlli deyil.
Bildirilir ki, Şolts tez hərəkətə keçməyə ehtiyac görmür, çünki o hesab edir ki, indiki mərhələdə Almaniyanın bu il üçün büdcəsinə artıq daxil edilmiş 4 milyard avro Ukraynaya kömək etmək üçün kifayətdir.
Alman nəşrinin mənbələri ehtimal edir ki, reallıqda Olaf Şolts sosial demokratların potensial seçicilərinin narazılığına səbəb olmamaq üçün seçki kampaniyası zamanı Ukraynaya hərbi yardımın artırılmasını açıqlamaq istəmir.
Qeyd edək ki, Aİ ölkələri arasında Ukraynaya ən böyük hərbi yardımı Almaniya edir.