Ru
13:28 / 24 Yanvar 2024

Stalindən sonra hakimiyyət uğrunda mübarizə: Xruşşov Beriyanı necə aradan götürdü?

3127
İosif Stalindən sonra keçmiş SSRİ-yə rəhbərlik etmək uğrunda ciddi mübarizə gedirdi. Bu posta ən şanslı iddialılar isə SSRİ Nazirlər Sovetinin sədri Georgi Malenkov və sovet xüsusi xidmət orqanlarının rəhbəri Lavrenti Beriya idi. Bəs, Stalinin ölümündən sonra heç kimin ​ciddi qəbul etmədiyi Nikita Xruşşov SSRİ-də hakimiyyəti necə ələ keçirdi?

Bakupost.az bu mövzu ilə bağlı Ukraynanın "Babel" nəşrində dərc olunan məqaləni təqdim edir:

1953-cü il sentyabrın 7-də, İosif Stalinin ölümündən altı ay sonra Nikita Xruşşov SSRİ Kommunist Partiyasının birinci katibi oldu. Amma o zaman hökumət partiya orqanlarından daha çox səlahiyyətə malik idi. Yeni lider roluna əsas namizədlər SSRİ Nazirlər Sovetində Stalinin sağ əli Georgi Malenkov və Sovet kəşfiyyatının rəhbəri Lavrenti Beriya idi.

Xruşşov Stalin dövründə yaxşı siyasi karyera qurmuşdu. Lakin ilk dövrlər onu ciddi qəbul etmirdilər. Malenkov və Beriya onu rəqib kimi lazımınca qiymətləndirmədilər. Birincisi bunun əvəzini siyasi karyerası ilə, ikincisi isə həyatı ilə ödədi.

Ukrayna SSR Kommunist Partiyasının keçmiş rəhbəri Nikita Xruşşovun pərdəarxası mübarizədə daha nüfuzlu rəqiblərini necə üstələdi və SSRİ-nin mütləq hökmdarına çevrildi?

Mart 1953: Malenkov, Beriya, Xruşşov

1941-ci ildən İosif Stalin SSRİ-də iki əsas vəzifəni - partiya və hökumət başçısı postlarını birləşdirdi. Məhz onun təşəbbüsü ilə bu dövrdə partiya deyil, hökumət — Xalq Komissarları Soveti, sonra isə SSRİ Nazirlər Soveti faktiki olaraq dövlət hakimiyyətinin ali orqanına çevrildi.


1950-ci illərin əvvəllərində Stalinin səhhəti o qədər pisləşmişdi ki, o, artıq hökumət işlərinə kifayət qədər vaxt ayıra bilmirdi. 1951-ci ilin fevralında Mərkəzi Komitənin Siyasi Bürosunun qərarı ilə Stalinin əvəzinə Nazirlər Sovetinin iclaslarına sədrlik etmək və onun adından sənədləri imzalamaq hüququ onun ən yaxın silahdaşları Georgi Malenkov, Lavrenti Beriya və Nikolay Bulqaninə verildi.


Lavrenty Beriya (solda) və Georgi Malenkov (Beriyanın sağında) İosif Stalinlə (mərkəzdə) Moskvada Qırmızı Meydanda, 1946-cı ilin iyunu.


Nikita Xruşşov o zaman Sov.İKP MK Katibliyinin üzvlərindən biri idi. O, partiyada uğurlu karyera qurdu: bir neçə dəfə Moskva Vilayət Komitəsinin rəhbəri və Ukrayna SSR MK-nın birinci katibi vəzifələrində işləməyi bacardı. SSRİ rəhbərliyinin nəzərində Xruşşov haqqında dar düşüncəli, lakin enerjili və sadiq icraçı obrazı formalaşmışdı. Ona görə də Stalinin ölümü halında ona ölkə rəhbəri postuna ciddi iddiaçı kimi baxılmırdı.




1953-cü il martın 1-də Stalin insult keçirdi və onun uzun müddət yaşamayacağı aydın oldu. Martın 5-də axşam saatlarında ölkənin rəhbər orqanlarının qısa iclasında onun yaxın ətrafı hakimiyyəti bölüşdürdülər. Malenkov o dövrdə ən vacib vəzifəni aldı - hökumətin sədri, Beriya onun birinci müavini və Daxili İşlər Nazirliyinin rəhbəri oldu. Xruşşova partiya aparatının rəhbəri - Mərkəzi Komitənin Katibliyi kimi daha az əhəmiyyətli bir vəzifə verildi. Bütün rəhbər vəzifələrdən məhrum edilən Stalin həmin iclasdan bir saat sonra öldü.

Xruşşov öz xatirələrində yazırdı ki, Stalin ömrünün son illərində Bulqanini SSRİ-nın rəhbəri postuna özünün mümkün varisi adlandırırdı. Ancaq Bulqanin heç vaxt real gücə malik olmamışdı. O, vaxtaşırı müxtəlif nazirlik və idarələrdə mövcud olan “deşiyə" yerləşdirilən partiya üzvü idi. Nazirlər Sovetinin iclaslarında onun fikirləri heç bir əhəmiyyət daşımırdı. Bulqanin sadəcə olaraq, Malenkov və Beriya kimi səs verirdi. Onun müasiri, Nazirlər Sovetinin o vaxtkı işlər müdiriMixail Smirtyukov Bulqanini belə xatırlayırdı: “Onun siyasi səhnəmizdə həsəd aparılmayacaq rolu var idi - şikayətlənməyən icraçı. O, həmin rolu ifa etdi və heç kimə lazım olmayan fiqura çevrildi".

Stalinin dəfn mərasimində məmurların iştirakına diqqət yetirməklə ölkədə ali hakimiyyətə kimlərin iddialı olduğu barədə mühakimə yürütmək olardı. Dəfn mərasiminə Malenkov və Beriya rəhbərlik edirdi və Xruşşov yalnız üçüncü sırada yer alırdı.

Beləliklə, Stalinin ölümündən dərhal sonra Malenkov və Beriya hakimiyyət uğrunda mübarizədə əsas rəqib oldular, Xruşşov isə kölgədə qaldı.


Stalinin Moskvada dəfn mərasimi, Nikita Xruşşov - ən sağda, 9 mart 1953-cü il.


1953-cü ilin yay-payız ayları: Malenkov, ̶B̶e̶r̶i̶ya̶, Xruşşov

1930-cu ildən 1940-cı ilə qədər Malenkov və Beriya ittifaqda idilər: onlar birlikdə təmizləmələrə başladılar və ölkədə ali hakimiyyət uğrunda mübarizədəki rəqiblərini aradan qaldırdılar. Stalinin həyatının son illərində onlar SSRİ Nazirlər Sovetini birlikdə idarə edirdilər. Lakin onun ölümündən sonra Malenkov-Beriya ittifaqı dağıldı. Malenkov nümayişkaranə şəkildə Stalinin kabinetini zəbt etdi. Bununla belə, sovet kəşfiyyatının rəhbəri olan və əlində nəhəng hakimiyyəti cəmləyən Beriya arxa plana keçmək fikrində deyildi. O zaman hər hansı kadr dəyişikliyi ilə bağlı son sözü dövlət təhlükəsizlik orqanları deyirdi: partiya, dövlət və ya təsərrüfat kadrları. Beriya məmurları qorxu altında saxlamağı sevirdi və onun iştirakı ilə Nazirlər Sovetinin iclasları nadir hallarda nazirlərdən hansınasa töhmət verilmədən başa çatırdı.



Fotoda soldan sağa: Lavrenti Beriya, Georgi Malenkov və ticarət naziri Anastas Mikoyan Moskvanın Qırmızı Meydanında, 1949-cu il.


Stalinin ölümündən demək olar ki, dərhal sonra, 1953-cü il martın sonunda Beriyanın ilk işi öz adamlarını Moskvada və ittifaq respublikalarında Daxili İşlər Nazirliyinin rəhbərliyinə təyin etmək oldu. Bundna sonra o, SSRİ-nin daxili və xarici siyasətində təkbaşına islahatlar aparmağa başladı. Son təmizləmələrdən narahat olan Mərkəzi Komitə və Nazirlər Sovetinin üzvləri Beriyaya etiraz etməkdən sadəcə, qorxurdular. Üstəlik, Beriya çox radikal islahatlar aparmaq istəyirdi. O, ümumi amnistiya elan etmək, siyasi məhbuslara qarşı məhkəmə prosesini dayandırmaq, iri miqyaslı ümumittifaq tikinti layihələrinin əksəriyyətini ləğv etmək və SSRİ tərkibində respublikaların hüquqlarını genişləndirmək istəyirdi. Beriya Keniqsberqi (indiki Kalininqrad) Almaniyaya, Kuril adalarını Yaponiyaya, Kareliyanı Finlandiyaya qaytarmaq, Almaniya Demokratik Respublikasını isə ümumiyyətlə uğursuz layihə kimi tanıyıb onun Qərbi Almaniya ilə birləşməsinə icazə verməyi planlaşdırırdı.

Bu zaman Xruşşov ilk mühüm strateji addımını atdı - Stalin dövründə arxa plana atılmış "Qələbə marşalı" Georgi Jukovu ön plana çıxardı. Jukov müdafiə nazirinin müavini vəzifəsinə təyin olundu. Bunun qarşılığında Xruşşov Jukovun hələ də böyük nüfuzunu saxladığı ordudan dəstək aldı. Daha sonra Xruşşov Malenkov və Beriyanın artan nüfuzundan qorxan digər nazirlər və partiya üzvləri ilə ittifaq yaratdı. Beriya isə görünür, gücünə və toxunulmazlığına o qədər arxayın idi ki, sayıqlığını itirdi.


Nəticədə, 26 iyun 1953-cü ildə Nazirlər Sovetinin iclasında Jukov bir qrup generalla birlikdə Beriyanı həbs etdi.

“On nəfər iclas zalına daxil oldu. Malenkov isə Jukova xitabən yumşaq şəkildə dedi: “SSRİ Nazirlər Sovetinin sədri kimi sizə Beriyanı həbs etməyi təklif edirəm”. Jukov Beriyaya əmr etdi: "Əllər yuxarı!" Beriya arxa tərəfə pəncərənin qabağına qoyduğu portfelinə tərəf qaçdı. Beriyanın əlindən tutdum ki, portfeldə olan silahdan istifadə etməsin. Ancaq sonra aydın oldu ki, onun nə üstüdə, nə də portfelində silah yox idi. O, sadəcə olaraq bir növ refleksiv hərəkət etdi”, - deyə sonralar Xruşşov öz xatirələrində yazırdı.



Beriya dövlətə xəyanətdə, Britaniya kəşfiyyatına işləməkdə və hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə ittiham olunurdu. Həmin ilin dekabrında onu güllələdilər. Sonra isə onun təyin etdiyi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları rəhbərlərinin əksəriyyəti repressiyaya məruz qaldı.

“Beriyanın həbsindən sonrakı ilk aylarda Malenkovun üzündən təbəssüm heç vaxt əskik olmurdu. O, iclasları rahat aparır, zarafatlaşırdı”, - Nazirlər Sovetinin o vaxtkı işlər müdiri Mixail Smirtyukov xatırlayır.

Beləliklə, Xruşşov ən təhlükəli rəqibi Beriyanı sıradan çıxardı, ordunun dəstəyini aldı, Malenkov isə dövlətin əsas postunu əlində saxladı, lakin praktiki olaraq onun heç bir müttəfiqi qalmadı.

Zahid
BakuPost

Georgi Malenkov və Nikita Xuruşşov

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar