Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:20 / 28 Noyabr 2024

Süd məhsullarında 21 faiz bahalaşma: səbəb nədir? – Ekspertdən açıqlama

680

Bölgələrdə ağartı məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Satıcılar bildirir ki, əvvəllər 10 manata alıb, 12 manata satdıqları yağı, indi 16-ya alıb, 18-ə satırlar. Bəs ağartı məhsullarının bahalaşmasının səbəbi nədir?

Mövzuyla bağlı Bakupost.az-ın suallarını cavablandıran Xalid Kərimli bildirib ki, süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıqda xərclərin artmasıdır:

“Biz bunu ət məhsullarının bahalaşmasında da müşahidə edirik. Bu xərclər ona görə artır ki, sərbəst otlaq sahələrinin həcmi azalıb. İnsanlar əkinçilik, bostançılıq, tərəvəzçilik, bağçılıq və ev tikmək məqsədiylə getdikcə daha çox sahələri hasarlayırlar. Buna görə də, heyvandarlıqla məşğul olan şəxslərin sərbəst otlaq sahələrindən istifadə etmək imkanları azalır və daha çox bazardan alınan yemlə heyvanlarını bəsləyirlər. Bu da xərclərin kəskin şəkildə artımına gətirib çıxarır. Heyvandarlar ot bağlamalarından asılı vəziyyətə gəlirlər. Bundan başqa dərman xərclərinin artması da qiymətlərə təsir edən amillərdəndir”.



Ekspertin sözlərinə görə, digər bir məqam isə xaricdən gələn süd məhsullarının bahalaşmasıdır:

“Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumaya görə, son 12 ay ərzində ağartı məhsullarının qiyməti 21.4 faiz yüksəlib. Bu son aylarda daha da sürətlənib. Dünyada süd məhsulların bahalaşması Azərbaycana da təsir göstərir. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymıtini artırır”.

Rəhman Mirzəlizadə, Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar