Ermənistan Azərbaycana sülh sazişinin imzalanma tarixləri və yeri ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının sədri Hayk Koncoryan bildirib.
“Heç kim sülh sazişini tələsik, ictimaiyyətdən gizli şəkildə imzalaya bilməz. Bunlar müxalifətin növbəti çaşdırıcı iddiasıdır”, - fraksiya rəhbəri qeyd edib.
Koncoryan bildirib ki, saziş Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edəcək və bu, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması, düşmənçilik səhifəsinin bağlanması və irəliləyiş üçün son dərəcə mühüm addımdır.
“Ancaq bir şeyi vurğulamaq istəyirəm: düşünməməliyik ki, hər hansı bir sənəd, o cümlədən sülh müqaviləsi kimi sanballı sənəd bütün məsələləri birdəfəlik həll edəcək. Xeyr, amma bu, sülh quruculuğu gündəmini lokomotiv kimi arxasında daşıyacaq son dərəcə mühüm başlanğıcdır”, - Koncoryan vurğulayıb.