44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqazda yeni geosiyasi proseslərin əsası qoyuldu.
O vaxtdan bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diqtəsi altında cərəyan edir.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizl mühitə, davamlı sabitliyə və əmin-amanlığa nail olmaq üçün danışıqlar davam edir. Artıq iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ciddi irəliləyişlərə nail olunub. Belə ki, Azərbaycanla Ermənistan sərhəddə koordinatların dəqiqləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində sərhəd dirəkləri quraşdırılıb. Bu artıq o deməkdir ki, delimitasiya üzrə konkret anlaşmalar icra olunur və iki ölkə arasındakı münasibətlər normallaşmaya doğru gedir. Bu mənada bunu sülhə doğru mühüm addım kimi dəyərləndirmək olar.
Siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, bu gün sərhədlərimizdə delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi barədə razılaşmanın əldə edilməsi, razılaşmadan az sonra nəzərdə tutulanların praktiki həyata keçirilməsinə başlanması sülhə doğru kəskin dönüş kimi qiymətləndirilməlidir. Əldə olunan razılaşmanın uğurla davam etməsi göstərir ki, bir sıra problemlərin həllində də razılığa gəlmək mümkündür:
"Məsələ ondadır ki, razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin ən çətin hissələrinin birində delimitasiya və demarkasiya eyni vaxtda həyata keçirilir. Bu prosesin sərhədlərin tam müəyyənləşdirilməsi, sərhəd mühafizə məntəqələrinin yaradılması, hər iki ölkənin sərhəd qoşun hissələrinin əraziyə yerləşdirilməsi ilə başa çatması nəzərdə tutulur. Delimitasiya prosesi uzunmüddətli prosesdir və dövlət sərhədinin müəyyən hissəsi razılaşdırıldıqdan sonra artıq demarkasiya prosesi həyata keçirilib”.
Sərhədlərin dəqiqləşməsi prosesində Qazaxın işğalda olan 7 kəndindən 4 eksklav olmayan kənd Azərbaycana qaytarılıb.
Politoloq Fuad Çıraqov deyir ki, kəndlərin qaytarılması barədə razılaşma tərəflərin birbaşa danışıqlarının nəticəsidir. Burada nə Qərb, nə Rusiya iştirak edib. Əslində rəsmi Bakının istədiyi danışıqlar formatı da məhz budur:
"Biz görürük ki, bu format özünü doğruldur, ikitərəfli danışıqlar müsbət nəticələr verir. Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılandan, sərhəd dirəyi basdırılandan sonra Ermənistana qarşı az da olsa, etimad yaranıb. Bu etimadı daha da möhkəmləndirmək üçün addımlar atılmalıdır. Məsələn, eksklavlar məsələsini həll etmək üçün danışıqlar aparmaq, gələcəkdə razılaşdırmaq mümkündür. Bu məsələlər zamanla həllini tapacaq. Etimad yaranandan sonra bunu danışmaq çətin deyil".
Millət vəkili Vahid Əhmədovun dediyinə görə, Azərbaycan və Ermənistan arasında uzun müddətdir aparılan delimitasiya danışıqları müsbət nəticələndi və kəndlərin qaytarılmasına nail olundu:
“Müvafiq komissiyaların apardığı danışıqlar nəticəsində əldə olunan razılıqlar mərhələli şəkildə həyata keçiriləcək. Yəni ortada razılaşma varsa, artıq delimitasiya, demarkasiya məsələləri də yavaş-yavaş tam həllini tapacaq".
Bu il Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacağına dair proqnozlar, gözləntilər olsa da, İrəvan xarici təsir dairələrinin boyunduruğundan çıxa bilmədiyi üçün bunun reallaşması mümkün olmur. Hətta belə rəylər də var ki, COP29-dək hansısa bir çərçivə sazişi imzalana və nəticədə noyabrda Paşinyan Bakıda keçiriləcək qlobal tədbirə dəvət oluna bilər. Ancaq görünən budur ki, ilin sonunadək hansısa müqavilənin imzalanması inandırıcı deyil. Düzdür, hazırda ölkələr arasında yazışmalar davam edir, təkliflər göndərilir və s. Ancaq Ermənistan sülh üçün gərəkən şərtlərə əməl etmir, ona görə də proses yubanır.
Hadisələrin gedişi deməyə əsas verir ki, Ermənistan kənar təzyiqlərdən xilas ola bilərsə, ən azı prinsipial məsələlərlə bağlı razılığa gəlmək mümkündür. Təəssüf ki, iki ölkə arasında sülhün və davamlı sabitliyin yaranmasına beynəlxalq erməni lobbisinin və Fransanın qısqanclıqla yanaşmalarını hələlik inkar etmək mümkün deyil. Halbuki tərəflər arsında sülh müqaviləsinin imzalanması bu gün hərtərəfli böhran yaşayan Ermənistan üçün daha vacibdir.
Bu günlərdə rəsmi İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.
Politoloq Elxan Şahinoğlu deyir ki, bütün məsələləri sülh sazişinə salmaq mümkün deyil:
“Məsələn, sərhəd məsələsini sazişə salmaq mümkünsüzdür. Çünki bu mövzu illərlə müzakirə predmeti olacaq. Əlbəttə, biz Zəngəzur dəhlizinin daha qısa müddətdə açılmasını arzulayırıq. Regional layihələrin həyata keçirilməsi bundan asılıdır. Amma bu da vaxt tələb edən məsələdir. Sülh sazişinin isə daha qısa müddətdə imzalanmasına ehtiyac var. İndi yeganə əngəl qaldı. Yenə də top Ermənistanın meydanındadır. Bu əngəl Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlə bağlıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan həmin bəndlə bağlı da qərarını versə, artıq sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq”.
Politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə nəqliyyat xəttləri ilə bağlı məsələləri sülh müqaviləsinin mətnindən çıxarıblar:
“Xatırladım ki, tərəflər arasında ən mübahisəli məqamlardan ikincisi məhz Zəngəzur dəhlizi ilə bağlı idi. Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir-birinə zidd yanaşmaları idi. Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edib. Bir neçə ay əvvəl Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-da baş tutan XİN rəhbərləri arasında görüşdə də, bu məsələ müzakirə edilib. Rusiya Üçtərəfli Bəyanatda göstərildiyi kimi özü tərəfindən yola nəzarət edilməsini istəyir. Sergey Şoyqunun Bakıda "kommunikasiya xəttlərinə Qərbi buraxmaq olmaz" kimi ismarıcları Moskvanın narahatllığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil və son açıqlamalar, xəbərdarlıqlar da beynəlxalq şirkətlə bağıı təklifə cavab olaraq verilib. Beləcə, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alsaq, sülh müqaviləsi ilə bağlı danışıqlarda müzakirə edilən mövzular arasından nəqliyyat mövzusunun çıxarılması tam başadüşüləndir. Azərbaycanın Qərbə və Şərqə çıxışı var, ölkəmiz uğurlu şəkildə kommunikasiya-nəqliyyat qovşağı kimi qlobal layihələri davamlı şəkildə həyata keçirir. Ermənistanın isə hələ də Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qalır.
Hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük maneə olaraq Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalır. Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir”.
Politoloq Fərhad Məmmədov bildirib ki, Azərbaycan təxminən iki il ərzində Ermənistandan Araz çayı boyunca həm dəmir yolu, həm də avtomobil yolunun sərbəst fəaliyyət göstərməsini tələb edirdi. Həmin ideyanı rəsmi İrəvan özünün “Dünyanın kəsişməsi” layihəsi kimi irəli sürdü:
“Ermənilərin layihəsində Araz boyu dediyimiz iki yol nəzərdə tutulub. Yəni, marşrut və nəqliyyat növü ilə bağlı Bakının tələbi İrəvan tərəfindən qəbul edilib. Burada ən ciddi problem həmin nəqliyyat marşrutlarına nəzarət rejimi üzərindədir. Müqayisə üçün deyək ki, Azərbaycanın Qazax, Tovuz, Kəlbəcər, Laçın, Sədərək rayonlarından Ermənistana yollar var. Amma bunlardan fərqli olaraq, Zəngəzur dəhlizində xüsusi rejimin tətbiqi tələb olunur. Azərbaycanın tələb etdiyi həmin rejimlə bağlı üçtərəfli razılaşma mövcuddur. 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndi və 2021-ci il 10 yanvar tarixli ikinci üçtərəfli Bəyanat yalnız kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Rusiya da tərəf kimi hökumətlərarası komissiyanın işçi qrupunda bu işlərlə məşğuldur. Məhz Zəngəzur dəhlizində fəaliyyət rejimi məsələsində ziddiyyətlər mövcuddur”.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev bəyan edib ki, əgər Zəngəzur dəhlizi olmasa bu istiqamətdə heç bir nəqliyyat-kommunikasiya xətləri açılmayacaq. Məhz son və konkret qərar olmadığına görə, mövzu da donmuş vəziyyətdədir. Məsələnin sülh sazişinin mətnindən çıxarılması onun yüngülləşdirilməsi anlamına gəlir:
“Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirərək, Zəngəzur dəhlizi mövzusunun sülh sazişi imzalanandan sonrakı mərhələdə müzakirə edilməsini məqbul sayıb. Ermənistan da buna razılığını bildirib".
Sülhə aparan yolun qarşısını kəsən əsas maneə Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəalardır ki, bunlar tezliklə aradan qaldırılmalıdır. Rəsmi İrəvan regional kommunikasiyalara dair maddənin sülh sazişinin mətnindən qarşılıqlı razılaşma əsasında çıxarıldığı ilə bağlı Bakının bəyanatını təsdiqləyib.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bununla bağlı şərh də verib: “Bu razılaşma sayəsində kommunikasiyaların blokdan çıxarılması, suverenlik, yurisdiksiya, qarşılıqlı marağa və bərabərliyə əsaslanan, “Dünyanın kəsişməsi” proqramında əksini tapdığı kimi, Ermənistanın sülh və iqtisadi inkişafa dair baxışının mühüm hissəsi olmaqda davam edir”.
Sevinc,
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.