Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 14-cü məhəllənin sakinləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 və 102 illiyi münasibətilə əkilmiş ağacların iş adamı, "Sumqayıt" MTK-nın rəhbəri Aslan Manafov tərəfindən çıxarıldığını bildiriblər.
Sakinlərin şikayətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin ərazidə olublar.
Nazirlikdən
Bakupost.az -a verilən məlumata görə, aparılan araşdırma zamanı 1A/3B saylı binanın arxasında “Sumqayıt“ MTK tərəfindən ərazi hasara alınarkən iki ağacın kəsildiyi və təbiətə 1080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub:
"Faktla bağlı akt tərtib edilib. MTK-nın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
Yenidən əraziyə keçirilən baxış zamanı xeyli sayda ağacın kökündən çıxarıldığı aşkar olunub. Araşdırma zamanı ağacların Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan MTK-nın əməkdaşları tərəfindən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Çıxarılan ağacların yerində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və dəstəyi ilə yenidən ağaclar əkilib. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub ünvanlanıb”.
ETSN-in mətbuat xidməti redaksiyamıza sözgüdən ərazidə yeni ağacların əkilməsinə dair fotoları təqdim edib:
Lalə,BakuPost