Ru
13:16 / 09 Dekabr 2024

Suriyanın yeni bayrağı nəyi simvolizə edir?

Suriyanın yeni bayrağı nəyi simvolizə edir?
1324


Suriyada Əsəd rejimini devirərək hakimiyyətə gələn qüvvələr yeni qaydalar tətbiq etməyə başlayıblar.

Bakupost.az xəbər verir ki, bu dəyişikliklərdən biri də Suriya bayrağı ilə bağlıdır

Belə ki, onlar ilk dəfə 1930-cu il Konstitusiyası ilə təsbit edilən bayrağı yenidən Suriyanın bayrağı kimi qaldırıblar.

Həmin bayraq üç paralel rəngdən ibarətdir: üstdə yaşıl, ortada ağ və altda qara. Ağ hissədə düz bir xətt boyunca üç qırmızı beşguşəli ulduz təsvir olunub. Qəbul olunduğu zaman bayrağın rənglərin və simvollarının mənaları belə idi: Yaşıl rəng Rəşidi xəlifəliyini, Ağ rəng Əməvi xəlifəliyini, Qara rəng Abbasi xəlifəliyini təmsil edirdi.



Başlanğıcda üç qırmızı ulduz Suriya ərazisindəki Hələb, Dəməşq və Deyr əz-Zor bölgələrini simvolizə edirdi. 1936-cı ildə Suriyanın ərazisinə Lazkiyə və Cəbəl əd-Dürz də əlavə olunduqdan sonra, üç ulduzun təmsil etdiyi bölgələr dəyişdirildi: biri Hələb, Dəməşq və Deyr əz-Zoru, digəri Cəbəl əd-Dürzü, üçüncüsü isə Lazkiyəni təmsil etməyə başladı.

Bayraq 17 aprel 1946-cı ildə Suriyanın müstəqilliyini qazanmasından sonra rəsmən qəbul edildi və 1958-ci ildə Birləşmiş Ərəb Respublikası (Suriya və Misir birliyi) yaranana qədər istifadə edildi. Birləşmiş Ərəb Respublikasının süqutundan sonra 28 sentyabr 1961-ci ildə yenidən müstəqillik bayrağı bərpa edildi. Bayraq 1963-cü ildə Əsəd rejiminin hakimiyyətə gəlməsinə qədər Suriyanın rəsmi bayrağı oldu.

Həmin bayraq 2011-ci ildən etibarən Bəşər Əsədə qarşı olan qüvvələrin bayrağı kimi istifadə edilməyə başlandı.

Qeyd edək ki, Suriyanın Əsəd dövründəki bayrağı üfüqi olaraq üç rəngə bölünürdü: üstdə qırmızı, ortada ağ və altda qara. Ağ zolağın üzərində iki yaşıl, beşguşəli ulduz yerləşirdi. Bu dizayn, pan-ərəb rənglərindən istifadə edərək ərəb millətçiliyi və birliyini təmsil edirdi. Qırmızı rəng Suriyanın müstəqillik uğrunda mübarizəsində şəhid olanların qanını və ərəb millətçiliyinin gücünü, Ağ rəng sülh və ümidi, Qara rəng ərəb xalqlarının zülm və istibdad dövrlərini simvolizə edir.



Yaşıl ulduzlar isə başlanğıcda 1958-ci ildə Suriya və Misir arasında qurulan Birləşmiş Ərəb Respublikasını təmsil edirdi. İki ulduz isə Suriyanın ərəb birliyinə sadiqliyini ifadə edirdi.

Rəhman Mirzəlizadə, Bakupost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar