Xəbər verdiyimiz kimi, avqustun 25-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a bildirib ki, imtahan yalnız sürücülük peşəsinə xas olan suallardan ibarətdir. Suallarda sürücülərin gündəlik iş prosesi, dil bilikləri, vətəndaşlarla ünsiyyət mədəniyyəti kimi sərnişindaşıma fəaliyyətində vacib elementlər öz əksini tapacaq:
“Sullar çətin deyil, əksinə, olduqca sadədir. Bu sualları cavablaya bilməyən insanların taksi sürücüsü olaraq fəaliyyət göstərməsi təhlükəlidir. Sadə suallara cavab verə bilməyən sürücülərə insan, can əmanət edə bilmərik”.
E.Muradlının sözlərinə görə, imtahandan uğurla keçən şəxslərə sertifikatlar təqdim olunacaq. Sertifikatı olmayan şəxslərin sürücü kimi fəaliyyət göstərməsi qadağan olunacaq:
“İmtahandan kəsilən şəxslər üçün yenidən imtahan vermək şansı yaradılacaq”.
Qeyd edək ki, imtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.
Sevinc,
BakuPost