Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan məhsullarına tarif tətbiq edib. Sərəncama əsasən, Azərbaycandan ABŞ-a idxal olunan məhsullara 10 faiz tarif tətbiq olunacaq.
Qeyd edək ki, Tramp 100-dən çox ölkəyə qarşılıqlı tariflər tətbiq edib. Tariflər aprelin 3-dən qüvvəyə minib.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az -a deyib ki, elan olunan tariflərlə istehlakçıların yükü artacaq.
"Bu, özünü elə Amerika daxilində də göstərəcək. Orta və uzun vədədə planın tərkib hissəsi ondan ibarətdir ki, ABŞ-da istehsal lokallaşsın, nəticədə Amerika iqtisadiyyatında yeni yüksəliş yaşansın. Amma indiki dövrdə, yəni qısa vədədə təbii ki, tariflərin artımı qiymətlərin artımına, inflyasiyanın yüksəlməsinə səbəb olacaq”, - deyə iqtisadçı bildirib.
O qeyd edib ki, Azərbaycana təsir edən əsas amil enerji daşıyıcılarının qiymətinin düşməsidir:
“Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı üçün yeni problemlər yaradacaq. Düzdür, hələlik o qədər də təhlükəli vəziyyət yoxdur. Azərbaycan neftinin qiymətini ortalama qiymətləndirmək lazımdır. Dünən nefrimizin qiyməti 65 dollara düşübsə, bu o demək deyil ki, ciddi problemlər var. Ortalama qiymət ilin əvvəlindən bəri 75 dollardan da yüksək olub. Ona görə də, hələlik konfortlu zonadayıq. Lakin orta vədədə baxsaq, dünyanın mənzərəsini görsək, neftin qiymətində uzunmüddətli enmələr olması mümkündür. Hətta OPEC+ anlaşmasına daxil olan ölkələr hasilatın artmasına qərar verdilər. Bu, Trampın tarif qərarları ilə üst-üstə düşdü deyə neftin qiymətində enmə oldu. Neftin qiyməti uzun müddət 70 dollardan aşağı qalsa, o zaman Azərbaycan iqtisadiyyatında problemlər yaşanacaq”.
Sevinc,
BakuPost