"İndi təhsilimizdə müsbət, eləcə də asan anlaşılmayan dəyişikliklərin şahidiyik. Son dövrlərdə ölkədə və beynəlxalq aləmdə baş verən digər mühüm hadisələr fonunda cəmiyyətin bu dəyişikliklərə reaksiyası arxa plana keçib. Müsbət haldır ki, təhsil idarəçiləri təhsilin menecmenti, məzmunu və inkişaf tendensiyalarının qavranılması ilə bağlı ən müxtəlif intensiv təlimlərə cəlb olunduqlarından müzakirələr üçün şərait var".
Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.
Onun sözlərinə görə, indiki şəraitdə ən çox müzakirə edilən məsələlərdən biri təhsildə risklər problemidir. T.Cəfərov hesab edir ki, ən böyük risk dövlət təhsil müəssisələri sistemində şəxsi təşəbbüslərin, özünümaliyyələşmə prinsipləri ilə təşkil olunan fəaliyyətlərin, geniş mənada şəxsi nümunələrin itirilməsi prosesinin kulminasiya həddinə çatması riskidir:
"Hazırki şəraitdə bu risk:
1) ölkənin sosial-iqtisadi inkişafı, yeni sənaye inqilabı dövründə universitetlərin sərbəst iqtisadi münasibətlər kompleksinə çevrilməsi prinsipinlərinə uyğun gəlmir.
2) ali və orta məktəblərin publik şəxsə çevrilməsi ideyası və layihəsinə ziddir.
3) təhsil müəssisələrini əlavə maliyyə, sosial təminat imkanlarından məhrum edir.
4) istedadlı və bacarıqlı mütəxəssisləri digər sahələrə, ən pis halda isə xaricə istiqamətləndirir.
5) əlində real maddi-texniki baza, kadr potensialı olan təhsil müəssisələrini fəaliyyətsizliyə və durğunluğa, hətta imkan yarandığı halda belə, fəaliyyətin bəhrəsinin təhsil müəssisəsinin özünə aid olmaması isə xəyal qırıqlığına, çarəsizliyə, ümidsizliyə, biganəliyə gətirir.
6) Ən əsası, süni intellektin at oynatdığı dövrdə təhsil fəaliyyəti ilə məşğul olan şəxslərin, elə təhsilalanların da düşüncə, təşəbbüs və fəaliyyət imkanları məhdudlaşır.
7) Təhsil müəssisələrinin idarə olunmasında vəzifə funksiyalarının, məsuliyyətin və cavabdehliyin bölüşdürülməsi istiqamətində formalaşan yeni münasibətlər ali və orta məktəblərdəki ənənəvi orqanları fəaliyyətsizliyə, halsızlığa sürükləməkdədir. Fəaliyyətin həcmindən asılı olmayaraq, bütün səlahiyyətlərin və məsuliyyətin 1-ci şəxslərin üzərinə daşınması tendensiyası arzuolunmaz həddə çatıb ki, bu da mövcud əsasnamələr və qanunvericilik aktları ilə bir araya gəlmir".