"Qazaxıstanı nə tərifləmək, nə də suçlamaq lazımdır"
Xəbər verdiyimiz kimi, Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.
Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.
"İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir", - hesabatda deyilir.
Hesabatda “Xalça” planının Rusiyada necə tətbiq olunduğu ilə bağlı danışıqlar davar.
Təyyarənin göyərtəsində problemlər saat 05:13-də qeydə alınıb (təyyarənin əsas idarəetmə sistemləri itirilib), saat 05:21-də isə “Xalça” planı qeyd olunub. Yəni “Xalça” planı faciədən 8 dəqiqə sonra açıqlanıb.
Ekspertlər qeyd ediblər ki, təyyarədəki deşik zədələri xarici obyektlərin hava gəmisinin konstruksiyasına daxil olmasını göstərir. Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb.
Bəs siyasi ekspertlər ilkin istintaqın nəticələrini necə qiymətləndirir?
Politoloq Zərdüşt Əlizadə
Bakupost.az -a açıqlamasında bildirib ki, Qazaxıstan hadisəyə bitərəf yanaşmağa çalışır və heç bir tərəfi ittiham etməməyə üstünlük verir:
“Braziliyada açılmış "qara qutular"ın nəticələri və təyyarənin Aktauda enərkən qəzaya uğramasının həm şəkilləri, həm də videoları var. Qazaxıstan onların əsasında rəy verib. Heç kəsi incitmək istəmir, çalışır ki, maksimum dərəcədə obyektiv olsun. İndi buradan kim hansı nəticə çıxaracaq, özü bilər”.
Z.Əlizadə əlavə edib ki, hazırkı hesabat yalnız ilkin nəticədir və istintaq Çikaqo Konvensiyasına uyğun olaraq bir il ərzində davam edə bilər:
“Bu, ilkin nəticədir, ona görə də Qazaxıstanı nə tərifləmək, nə də suçlamaq lazımdır. Ümumiyyətlə, bu məsələni siyasiləşdirməkdən uzaq durmaq lazımdır. Qəza baş verib, insanlar həlak olub. Təbii ki, təyyarənin atəşə tutulması cinayətdir. Bu cinayəti və ya xətanı törətmiş məsul şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməlidir. Təbii ki, qəza qurbanlarına hansısa kompensasiya ödənilməlidir. AZAL aviaşirkətinə itirilmiş təyyarənin dəyəri ödənilməlidir və digər qanunauyğun addımlar atılmalıdır”.
Z.Əlizadənin sözlərinə görə, bu işdə əsas məsuliyyət Rusiyanın üzərinə düşür:
""Xalça" planı elan edildikdə hər hansı bir ərazidə bütün mülki və hərbi təyyarələrin uçuşları qadağan edilir. Çünki onlar hava hücumundan müdafiə vasitələrinin zərbəsinə məruz qala bilərlər. Burada nə cür elan olunub, neçə dəqiqə əvvəl və ya neçə dəqiqə sonra elan edilib, bunu təyyarəçilərə çatdırıblar, ya yox, bunlar istintaqın gedişindən və Rusiyanın xoş məramından asılıdır. Hələlik göz qabağında olan nəticə budur ki, dinc, mədəni və mülki təyyarəni vurublar və 38 nəfər həlak olub”.
Lalə Novruz, BakuPost