Ru
19:48 / 26 Dekabr 2024

“Təyyarənin vurulma vaxtı əvvəlcədən hesablanıb” - Sensasion iddia

“Təyyarənin vurulma vaxtı əvvəlcədən hesablanıb” - Sensasion iddia
5520

Dünəndən AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı çoxlu versiyalar irəli sürülürdü. Lakin bu gün istintaqın ilkin nəticələrinə əsasən, təyyarəni Rusiyanın vurduğuna dair xəbər yayıldı. Bəs, Rusiyanın bu addımı məqsədyönlüdür, yoxsa təsadüfən belə alınıb?

Mövzuyla bağlı Bakupost.az -a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Ukrayna son zamanlar Dağıstana dronlarla hücum edir, Rusiya tərəfi isə o hücümların qarşısını almaq üçün can atır:

“Lakin ukraynalılar məqsədlərinə çatırlar. Ola bilsin ki, Rusiya bu təyyarəni vurub, amma ”Ukrayna vurub” bəhanəsi ilə Azərbaycanla Ukrayna arasında münasibətləri korlamaq istəyir. İkinci versiya da budur ki, Rusiya bu təyyarəni səhvən vurub. Lakin məsuliyyət daşımamaq üçün onu qəsdən Xəzərə tərəf döndəriblər ki, dənizə düşsün və məsələ ört-basdır olsun”.



S.Cəlaloğlu bildirib ki, digər bir variant da Rusiya bu təyyarəni qəsdən vurmasıdır:

“Niyə qəsdən vura bilər? Bilirsiz ki, Rusiya Suriyadakı mövqelərini itirib. Türkiyə isə Rusiyadan tələb edib ki, Suriyadan qoşunlarını çıxarsın. Azərbaycansa Türkiyə ilə birlikdə çox ciddi müttəfiqlik edir. Bundan əlavə, Rusiya Azərbaycanı Avrasiya İttifaqına dəvət etmişdi, lakin Azərbaycan əksinə, D8 ittifaqına qoşuldu. Rusiya açıq-aşkar gördü ki, Azərbaycandan qoparmaq istədiyi “iri tikələri” qopara bilmir. Bu təyyarəni vurma vaxtları da əvvəlcədən hesablanıb. İlham Əliyevin MDB sammitinə getdiyi bir vaxtda vurdular. Onlar planlamışdılar ki, təyyarəni vurub dənizə tərəf yönləndirərlər, insanlar da düşünər ki, pilotlar səriştəsiz olub və hansısa texniki nasazlığa görə qəza baş verib. Düşünürdülər ki, buna görə ökədə narazılıq olar. Onların buradakı agentura şəbəkəsi güclüdür. Onlar da ayağa qalxarlar və İlham Əliyev Putinin ona qoyduğu şərtləri yerinə yetirər. İlham Əliyev isə çox ağıllı bir addım atdı. Səfəri dərhal ləğv edib qayıtdı. Bu da onu göstərdi ki, İlham Əliyev qəzanın baş verməsindən narahatdır, xalqın yanındadır. Rusiya faktiki olaraq bu təxribatla düşündüklərinin heç birini edə bilmədi”.

ADP sədri qeyd edib ki, bundan öncəki hadisələr də Rusiyanın Azərbaycana qarşı etdiyi təxribatlar idi:

“Hərbi pilotumuz Rəşad Atakişiyevin təyyarəsini də ruslar vurmuşdu. O vaxt da yalandan dedilər ki, guya quşla toqquşub. Mən o vaxt dedim ki, gecənin bu vaxtı o hündürlükdə quş ola bilməz. Bundan əlavə, ehtimal edirəm ki, sərhəd qoşunlarımızın vertolyotunu da ruslar vurdular. Bu cür hadisələr Rusiya tarixində həddən artıq çoxdur”.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar