Gürcüstan parlamenti müxalifətin etiraz aksiyası bitdikdən sonra ziyarətçilərin girişini məhdudlaşdıran sarı təhlükəsizlik səviyyəsini qaldırıb.
Bakupost.az gürcü KİV-ə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın məlumatında deyilir.
Qeyd edək ki, sarı təhlükəsizlik səviyyəsi noyabrın 28-də saat 14:00-dan qaldırılıb.
Parlament noyabrın 25-də müxalifətin etirazı ilə müşayiət olunan yeni parlamentin ilk iclası keçirilən zaman ziyarətçilər üçün məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyət o demək idi ki, binaya deputatlar və parlament əməkdaşlarından başqa, yalnız akkreditasiyadan keçmiş jurnalistlər və dəvət olunmuş şəxslər daxil ola bilərdi. Noyabrın 25-i axşam saatlarında sarı təhlükəsizlik səviyyəsi qeyri-müəyyən müddətə uzadılıb.
Noyabrın 24-də axşam saatlarından Gürcüstan parlamentində müxalifət Rustaveli prospektində çadırlar quraraq gecə etiraz aksiyası keçirib. Səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların deputatların binaya daxil olmasına mane olmaması üçün parlamentin hər iki tərəfindən keçidləri bağlayıblar. Çoxsaylı təhlükəsizlik qüvvələrinə və vətəndaşların polis kordonlarına yaxın olmasına baxmayaraq, etirazçılarla toqquşma olmayıb. Günün ikinci yarısında yeni parlament öz səlahiyyətlərini təsdiqlədikdən sonra etirazçılar parlamentin fasadının yaxınlığındakı dəmir hasara müxtəlif əşyalarla vurmağa başlayıblar. Axşam deputatlar artıq parlament binasını tərk etdikdən sonra aksiya başa çatıb.
Zaur, BakuPost