Gürcüstanda etirazlar günü-gündən daha da şiddətlənir. Seçkilərin nəticələri və Avropa İttifaqına inteqrasiyanın ləngiməsi ilə bağlı aksiyalar ölkədə siyasi gərginliyi pik həddə çatdırıb. Gürcü müxalifəti bu etirazlarla məqsədinə nail ola biləcəkmi?
Mövzuyla bağlı
Bakupost.az -ın suallarını cavablandıran politoloq Fərhad Məmmədov bildirib ki, hazırda Gürcüstanda baş verən etirazlar yeni hökumətin Avropa İttifaqına inteqrasiyası ilə bağlı qərarının uzadılmasına görədir:
“Lakin bu etirazın lideri yoxdur. Liderliyə iddiası olan hazırki prezident də iki həftə sonra vəzifəsindən gedəcək. Ondan sonra etirazçıların lidersiz davam etmək təhlükəsi var. Eyni zamanda, məqsəd, hökumətin qəbul etdiyi qərarı geri çəkməsidir. Bunun baş vermədiyi halda etirazların miqyası arta bilər. Dövlət strukturlarında da müəyyən hərəkətlənmələr var – istefalar, bəyanatlar qəbul edilir”.
Politoloq qeyd edib ki, gələcək proseslərin inkişafı hər iki tərəfin fəaliyyətindən asılı olacaq:
“Burada bizi iki sual düşündürür, birincisi, etirazçılar bu kütləviliyi qoruyub-saxlamaq və konkret tələbi irəli sürməyi bacaracaqlarmı? İkincisi, hakimiyyət monolitliyini qoruyub-saxlaya biləcəkmi? Gürcüstandakı gələcək hadisələrin hansı məcrada inkişaf edəcəyi bu iki faktordan asılıdır. Ümumi isə onu demək olar ki, Gürcüstandakı qeyri-sabitlik Azərbaycan üçün heç də yaxşı nələrsə vəd etmir. Hər hansı hakimiyyət formalaşsa, Azərbaycan o hakimiyyətlə işləyəcək. Lakin bu sabitlik məsələsi bizim üçün çox vacibdir. Çünki bütün strateji layihələrimiz Gürcüstan üzərindən keçir”.
Rəhman Mirzəlizadə, Bakupost