"Mənzil qiymətlərinin artmasının səbəblərindən biri tikinti materiallarının bahalığıdır”
“İşğaldan azad olunan ərazilərdə çox böyük sürətlə təmir-tikinti işləri gedir. Dörd il ərzində bu işlərə19 milyard manatdan artıq vəsait xərclənib. Bu səbəbdən də ölkədə tikinti materiallarına tələb artıb. Təbii ki, iqtisadiyyatın qanununa görə, tələb artdıqca qiymət də yüksəlir. Təəssüf ki, bu trend davam edir və davam edəcək. Hətta mənzil qiymətlərinin artmasının səbəblərindən biri də məhz bu tikinti materialları bazarındakı bahaçılıqdır”.
Bunu
Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, bu gün bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur:
"Bu, əsasən, taxta materiallarında özünü göstərir. Azərbaycan tikinti materialları məsələsində də idxaldan asılıdır. Məhz buna görə də xaricdə bahalaşma olan kimi ölkə daxilində də qiymət artır. Ölkəyə tikinti materialları əsasən, xaricdən idxal olunur. Xüsusən də qonşu Rusiya və Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm yer tutur. Taxta materialları isə Azərbaycana əsasən, Rusiyadan gətirilir. Bakıda onların bahalaşması Rusiyada bu materialların qiymətinin artması ilə izah oluna bilər".
İqtisadçının sözlərinə görə, digər səbəb isə rüsumların hesablanması və yaxud rəsmiləşmə qaydalarının dəyişdirilməsi ola bilər: “Bu qaydaların dəyişməsi iş adamlarının əlavə vəsait xərcləməsinə səbəb olur. Onlar da təbii ki, buna qiymət artımı ilə cavab verirlər".
Ekspert qeyd edib ki, xaricdə tikinti materiallarının qiyməti davamlı şəkildə artacaqsa, Azərbaycanda da bu istiqamətdə bahalaşma müşahidə ediləcək.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, tikinti materiallarının qiymətinin bahalaşmasında daşınma xərclərinin artması böyük rol oynayır:
"Daşınma xərclərinin artmasının əsas səbəbi isə ondan ibarətdir ki, əvvəllər yük maşınları istənilən qədər yüklənə bilirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur. Məsələn, əvvəl bir maşında bir dəfəyə 45-50 ton yük daşınırdısa, indi bu göstərici 25-30 tona bərabərdir. Göründüyü kimi, daşıma qabiliyyəti iki dəfə aşağı düşüb. Bu da o deməkdir ki, yükdaşımanın qiyməti iki dəfə artıb. Materialların xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 faiz təşkil edir".
İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiymət artımının səbəblərindən biri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlıdır:
"Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti-abadlıq işləri gedir. Təbii ki, artan tələbat da təklifi üstələyir. Ona görə də taxta materiallarının qiyməti artır".
Sevinc,
BakuPost