Hər il olduğu kimi, bu il də yazın gəlməsi ilə tikinti sektorunda aktivlik artmaqdadır. İşğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri bu istiqamətdə canlanmanı daha da artırır. Bu da tikinti materiallarına tələbatın yüksəlməsinə və qiymət artımına gətirib çıxarır.
Statistik məlumata görə, Azərbaycanda tikinti materiallarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz-5.7 faizdən çox olub. İnşaat materiallarının qiymət artımına təsir edən əsas amillər arasında idxal bazarlarında baş verən dəyişikliklər, monetar siyasət və tikinti sektorundakı tələb-təklif balansı xüsusi yer tutur.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun
Bakupost.az -a bildirdiyinə görə, Azərbaycanın əsas inşaat materiallarını idxal etdiyi ölkə hazırda Rusiyadır. Əgər Rusiya-Azərbaycan iqtisadi münasibətlərində hər hansı bir problem yaranmasa və ticarət əlaqələri stabil qalsa, bazarda ciddi dalğalanmalar gözlənilmir. Lakin regionda hər hansı bir fors-major vəziyyət, devalvasiya və monetar siyasətdə dəyişiklik qiymət artımına səbəb ola bilər:
“Tikinti mövsümünün sonunda inşaat materiallarının qiymətində 10-12 faiz artım baş verəcək. Bənzər şəkildə, daşınma xərclərində də 15-20 faiz civarında artım gözlənilir. Nəqliyyat xərclərinin artması xüsusilə idxal olunan tikinti materiallarının qiymətinə birbaşa təsir edəcək".
İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu gün bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur:
"Bu, əsasən, taxta materiallarında özünü göstərir. Azərbaycan tikinti materialları məsələsində də idxaldan asılıdır. Məhz buna görə də xaricdə bahalaşma olan kimi ölkə daxilində də qiymət artır. Ölkəyə tikinti materialları əsasən, xaricdən idxal olunur. Xüsusən də qonşu Rusiya və Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm yer tutur. Taxta materialları isə Azərbaycana əsasən, Rusiyadan gətirilir. Bakıda onların bahalaşması Rusiyada bu materialların qiymətinin artması ilə izah oluna bilər".
İqtisadçının dediyinə görə, digər səbəb isə rüsumların hesablanması və yaxud rəsmiləşmə qaydalarının dəyişdirilməsi ola bilər: “Bu qaydaların dəyişməsi iş adamlarının əlavə vəsait xərcləməsinə səbəb olur. Onlar da təbii ki, buna qiymət artımı ilə cavab verirlər".
Ekspert qeyd edib ki, xaricdə tikinti materiallarının qiyməti davamlı şəkildə artacaqsa, Azərbaycanda da bu istiqamətdə bahalaşma müşahidə ediləcək.
Sevinc,
BakuPost