Ru
16:45 / 17 Yanvar 2025

TikTok cərrahları: yeni "trend"in fəsadları və məsuliyyəti - ARAŞDIRMA

TikTok cərrahları: yeni "trend"in fəsadları və məsuliyyəti - ARAŞDIRMA
943


Xəbər verdiyimiz kimi, daha bir cərrah əməliyyat zamanı TikTok platformasında canlı yayım açaraq prosesi izləyicilərinə nümayiş etdirib. Görüntülərdən məlum olur ki, bədən şəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edir.

Bu hadisə izləyicilərin tənqidinə səbəb olub. Pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Qeyd edək ki, bundan əvvəl Bakıda başqa bir özəl klinikada cərrah öz ad gününü əməliyyat otağında, iş başında qeyd etməsinin görüntülərini paylaşıb.

Mütəxəssislər deyir ki, cərrahiyyə əməliyyatının canlı yayımda göstərilməsi ucuz şou, reklam məqsədinə xidmət edir. Həkimin cərrahiyyə əməliyyatı otağında, həm də iş başında canlı yayım açması, ad gününü qeyd etməsi pasiyentin sağlamlığını riskə atmaq və peşə etikasının kobud şəkildə pozulmasıdır.

Azərbaycan Həkimlər Birliyinin sədr müavini Aydın Əliyevin sözlərinə görə, cərrahiyyə əməliyyatının aparıldığı otaq steril olmalıdır. Əməliyyatxanada aseptika – yaraya infeksiya düşməməsi məqsədilə profilaktika qaydasına ciddi şəkildə riayət olunmalıdır. Fiziki antiseptika elə metoddur ki, bu zaman yarada mikrobların artıb çoxalmaması və zəhərli maddələrin sorulub toksiki təsir göstərməməsi üçün şərait yaradılır.


Bu zaman hiqroskopik pambıq-tənzif sarğılarının qoyulması, quruducu tamponların, tozların, drenajın və havanın köməyindən istifadə edilir. Əməliyyat otağına kənar şəxslər daxil olan zaman sadalanan aseptika və antiseptika qaydaları pozulur. Cərrahiyyə otağına daxil olan kənar insanların üzərlərində bakteriya ola bilər.

A.Əliyev bildirib ki, cərrahın pasiyentin görüntülərini icazəsiz paylaşmasına da qanun icazə vermir. Amma bu gün həkimlərin bəziləri özlərini reklam etmək üçün əməliyyat otağından canlı yayım açır, bu da onların reklamına xidmət edir. Bu zaman isə çox vaxt gigiyena qaydaları kobud şəkildə pozulur.

Professor Adil Qeybulla bildirib ki, son vaxtlar sosial şəbəkələrdə əməliyyat zamanı canlı yayım edən və ya əməliyyatla bağlı görüntüləri paylaşan həkimlərə tez-tez rast gəlinir. Həkimlərin özlərini bu formada reklam etməsi doğru deyil:

“Həkimlərin əməliyyat otağından canlı yayım açması yolverilməz haldır. Bunlar korporativ maraqlara xidmət edir. Bu yolla həkim özünü reklam edir.


Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir. Həkimlik peşəsi həkim etikasına, pasiyent hüquqlarının qorunmasına əməl etməyi tələb edir. Üstəlik xəstənin icazəsi, şəxsi razılığı olmadan onunla bağlı tibbi prosedurun ictimailəşdirilməsi qadağandır. Bu, hüquqi pozuntudur. Əməliyyatdan öncə pasiyentlə müqavilə bağlanır. Əgər həmin müqavilədə onun əməliyyat zamanı görüntülərinin yayılmasına razılığı olmayıbsa, bunu etmək pasiyentin hüququnu pozmaqdır. Bundan əlavə, cərrahiyyə əməliyyatı zamanı canlı yayım həkimin diqqətinin yayınmasına, əməliyyatın keyfiyyətinə təsir edə bilər”.

Ekspert bildirib ki, tibb elminin bir bölməsi olan deontologiya tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusundan bəhs edur:

"Əməliyyatxanadan birbaşa canlı yayım açmaq, pasiyenti cərrah masasında hamıya göstərmək həkim etikası və əxlaqına ziddir. Bunu ancaq öyrədici məqsədlərlə, kütləvi yox, məhdud qruplarda paylaşmaq olar. Bu da rezidentlər, tibb təhsili alanlar üçündür. Cərrahiyə əməliyyatı kütlənin qarşısında aparılırsa, bu artıq reklamdır.
Həkimlərin davranış qaydası və peşə etikası ilə bağlı tələblər var. Həkim öz fəaliyyətini reklam etməməlidir. Həkim ancaq akademik uğurlarını təqdim edə bilər".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bildirib ki, bu tip hadisələr ilk növbədə tibbi etikanın ciddi sürətdə pozulmasıdır. Şəxsin icazəsi olmadan onun barəsində video, çəkiliş məlumatlarının yayılması qadağandır:

“Şəxs sağlamlığı barədə məlumatların konfendesial saxlanmasını tələb edə bilər. Bu onun hüquqin haqqıdır. Əgər əməliyyat otağından görüntü paylaşmaqla o şəxsin şəxsiyyəti müəyyən olunarsa, bu, konfedensiallığın pozulmasıdır.


Burada məsələnin sanitar-gigiyenik tərəfi də var. Cərrahiyə otağında əməliyyata aid olmayan heç bir predmet olmamalıdır. O cümlədən kənardan gətirilən və steril olmayan müəyyən avadanlıqlar, qidalar və s. Əməliyat otağına sadalanan əşyaların gəririlməsi ciddi pozuntudur. Bunu edən tibb müəssisəsi maddi və mülki məsuliyyət daşıyır”.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, qeyd edilən faktlar aşkar olunan kimi dərhal qanunvericilik çərçivəsində araşdırılma aparılması üçün tapşırıqlar verilir. Bu kimi halların qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilir.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar