“Titanik”in batmasından yüz ildən çox keçməsinə baxmayaraq, onun sərnişinlərinin faciəli taleyi ilə bağlı araşdırmalar hələ də davam edir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 1912-ci il aprelin 15-də Şimal Atlantika okeanının dərinliklərinə qərq olan gəmidəki 1500-dən çox insandan bir çoxunun aqibəti hələ də tam aydın deyil. Məsələ ondadır ki, yüzlərlə cəsəd gəminin batdığı yerdən yüzlərlə kilometr aralıda suyun səthinə çıxıb. Mərhumların “səfəri” həftələrlə davam edib və bir çox meyitlər heç vaxt tapılmayıb.
Alimlərin versiyasına görə, “Titanik” parçalanıb buz kimi sulara qərq olduqda, yüzlərlə sərnişin və ekipaj üzvü soyuq okeanda həyatını itirib. Xilasetmə jiletlərinin olmasına baxmayaraq, əksəriyyət sağ qala bilməyib. Rəsmi məlumatlara əsasən, ölənlər boğulma səbəbindən deyil, hipotermiyadan — bədənin həddindən artıq soyumasından həyatlarını itiriblər. Dəfn üzrə mütəxəssis Keytlin Dauti deyib ki, hipotermiyanın inkişafı üçün 30-40 dəqiqə vaxt lazım olur.
“Karpatia” gəmisinin göyərtəsinə çıxarılan sağ qalanlar dəhşətli səhnələrdən danışırdılar: qaranlıqda tədricən səssizləşən qışqırıqlardan və buzlu suda donmuş cəsədlərdən. Lakin sonuncu səs kəsildikdən sonra da ölənlərin hekayəsi başa çatmamışdı.
“Titanik”ə sahib olan White Star Line şirkəti itkin düşənlərin qalıqlarını axtarmaq üçün “Makkey-Bennett” gəmisini göndərdi. Ekipaj üzvlərindən biri xatırlayırdı: "Yaxınlaşanda belə gözlərimizə inana bilmədik. Onlar yatmış üzgüçülərə oxşayırdılar. Bəzilərinin gözləri bağlı idi, lakin əksəriyyəti düz irəli baxırdı."
Nəticədə, “Makkey-Bennett”in göyərtəsinə 190 cəsəd çıxarıldı, onlardan 116-sı artıq çürüməyə başladığı üçün dənizdə dəfn edildi. Digər iki gəmi — “Minia” və “Montmanqi” isə daha 21 cəsəd tapdı. Yeni Şotlandiya arxivlərinə əsasən, dənizdə dəfn edilənlər arasında ən çoxu üçüncü dərəcəli sərnişinlər olub — 42 faiz, birinci dərəcəli sərnişinlər isə cəmi 6 faiz təşkil edib.
“Makkey-Bennett”in kapitanı qeyd edirdi: “Biz dənizə bircə nəfər də olsun tanınmış adam qaytarmadıq”, bu sözlərlə o, sığorta və miras məsələlərinin qarşısını almaq üçün onların quruya çıxarılmasının vacibliyini vurğulayırdı.