Ədalət Tahirzadə
Jurnalist
Mən Ağadadaş Ağayevi şəxsən tanımıram. Onunla uzaqdan belə salam-əleykümüm olmayıb. Özünün də azarkeşi deyiləm. Heç oxuduğu iki mahnısının adını dalbadal saya bilmərəm. Bu yazını da onu müdafiə etmək üçün yazmıram. Yazımla yalnız bunu demək istəyirəm: TOPLUMUMUZ AQRESSİVLƏŞİB!
Ağadadaş Ağayev Azərbaycanın XALQ ARTİSTİDİR. Doğrudur, bu gün "Xalq" və "Əməkdar" titulları da pulla alınıb-satılan bir əmtəəyə çevrilib və bir qədər mübaliğəli də olsa, 50-60 adamın tanıdığı istənilən cibi şiş və əndamı münasib şəxs bu titulları ala bilər. Ancaq axı Ağadadaş Ağyevə "Xalq artisti" adı sənətinə görə, xalqa öz sənəti ilə uzun illər boyunca döstərdiyi halal xidmətinə görə verilib. Bütün xalq onu tanıyır, səsindən zövq alır, onu sevir, ona hörmət bəsləyir. Bildiyim qədərincə, onunla bağlı indiyədək heç bir yaramaz hərəkət eşitməmişik. Bəs necə oldu ki, birdən-birə o, toplumun gözündə yırtıcı canavara döndü, onun bugünədək olan bütün xidmətləri bir anda unuduldu?!
Əlbəttə və əlbəttə, tutduğu mövqeyindən, ad-sanından asılı olmayaraq, hər bir şəxs törətdiyi əməlinə görə qanun qarşısında cavab verməlidir və A.Ağayev də bu baxımdan istisna deyil. Burası var ki, indiki toplumumuz, cəmiyyətimiz elə aqressivləşib ki, istənilən məşhur adamı əzməkdən, təhqir etməkdən, psixoloji-mənəvi terrora uğratmaqdan sadistcəsinə ləzzət alır. Baxın, A.Ağayevdən mənfi anlamda yazmayan bir qəzet, kanal, sosial şəbəkə ünsürü qaldımı? Hamı feysbukda, vatsapda, instaqramda və başqa yerlərdə onu söyür, aşağılayır, ona yaramaz adlar yapışdırır. Ay soydaşlarım, ay yurddaşlarım, ay insandaşlarım, axı indi təpiyiniz altına saldığınız o adam dünən başına gül səpdiyiniz, əlini öpməkdən fəxr duyduğunuz, toylarınıza gəlməsiylə öyündünüz Xalq aristi idi...
Mən videoya baxdım və dəhşətə gəldim - adam Xalq artistini döyüb yerə sərib, o, ayağa dura biləcək halda deyil, yerdə taqətsiz uzanıb qalıb, döyən isə yenə qayıdıb müdafiəsiz adamın ağzından təpiklə vurur. Kimsə bundan danışmır. Hamın gördüyü bircə şey var - balta! Baltanın suçunu inkar etmirəm, ancaq birincisi, o balta niyə atıldı, ikincisi də, Xalq artistinin ağzından vurulmuş təpiyin cəzası daha ağır olmalı deyilmi?!
Bilirsinizmi mənim qorxduğum nədir? Qorxduğum odur ki, sabah bir GÖRÜNMƏZ ƏL bizi Allah eləməmiş, ağzımızdan yellər aparsın, Alim Qasımovun, Arif Babayevin, Ramiz Rövşənin, Seyran Səxavətin, yaxud hər hansı bir ən hörmətli sənətkarımızın üstünə yönəltsin. Əsla şübhə etmirəm ki, bu aqressivliklə biz heç düşünmədən onları da amansızlıqla məhv etməyə çalışacağıq.
Mənimlə razı olan varmı?