Donald Tramp ABŞ-ın Ukrayna münaqişəsində iştirakında maraqlı deyil və Kiyev rejiminə dəstək xərclərini tamamilə Avropaya keçirərək ölkəni bu münaqişədən çıxarmağa çalışacaq.
Bakupost.az xəbər verir ki, bunu politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Vladimir Karasev TASS-a bildirib.
Onun fikrincə, ABŞ prezidenti xüsusi hərbi əməliyyatın başa çatdırılması şərtlərini Ukrayna nümayəndələrini dəvət etmədən yalnız Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəcək.
“The Wall Street Journal” yazır ki, Tramp Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqun qarşısına Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb. Karasevin təxminlərinə görə, “Rusiya Prezidenti Vladimir Putinlə müqavilə bağlamaq Trampın seçki kampaniyası zamanı "dövlət başçısı kimi münaqişəyə son qoyacağam" dediyi günlərdə təsəvvür etdiyindən qat-qat çətin olacaq”.
Yanvarın 21-də Tramp Kiyevə Amerika silahlarının tədarükünü tamamilə dayandırmaq imkanını istisna etməyib, həmçinin Rusiya Federasiyasının prezidenti ilə onun üçün əlverişli olan “istənilən vaxt” görüşməyə hazır olduğunu bəyan edib. Eyni zamanda ABŞ-ın yeni lideri Rusiya Ukrayna ilə bağlı sülhə razılaşmasa, ona qarşı daha sərt sanksiyaların tətbiqinə icazə verib.
“Tramp üçün Ukraynada münaqişəni davam etdirməyin mənası yoxdur. Çünki Tramp biznesmendir və Kiyev rejiminə xərclənən yüz milyardlarla dollar, əlbəttə ki, bundan əvvəl Amerika cəmiyyətində böyük suallar yaradır. Məncə, Tramp hər şeyi Baydenin üstünə yıxacaq. Çünki Bayden və onun administrasiyası ilk növbədə Ukrayna ordusunu silahlandırmaq mövzusunu irəli sürmüşdü. Ona görə də Tramp onu günahlandırmağa çalışacaq. O, artıq bu barədə danışmağa başlayıb", - deyə Karasev bildirib.
O hesab edir ki, Tramp daha çox Yaxın Şərq, Qrenlandiya, Afrika, Meksika körfəzi və Panama, Çin və Tayvan məsələləri ilə məşğul olmaqda maraqlıdır.
“Əminəm ki, o, Zelenski ilə heç bir münasibət qurmayacaq, çünki Zelenski qeyri-legitim prezidentdir. O, Ukrayna qanunvericiliyinə görə, keçmiş prezidentidir. Vaşinqtonla Moskva arasında razılaşmalara gəlincə, düşünürəm ki, indi Vladimir Putinlə Donald Trampın görüşünün detalları müzakirə olunur. Və təbii ki, bu görüşdə Ukraynanın nümayəndələri olmayacaq. İki fövqəldövlət müxtəlif dünya problemlərini, o cümlədən Ukraynadakı münaqişəyə son qoymaq variantlarını müzakirə edəcəklər”, - deyə o əlavə edib.
Zaur, BakuPost