Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:45 / 14 Noyabr 2024

Tramp Azərbaycanın "qara siyahısı"nda olan şəxsə yüksək vəzifə verir

823
"Yeni seçilmiş prezident tərəfindən dövlət vəzifələrinə irəli sürülən namizədlərə nəzər salanda bir məqam nəzərə çarpır. Tramp respublikaçılar içərisindəki intervensionist və izolyasionist, meynstrim və antimeynstrim xətləri (yaxud isteblişment-antiisteblişment) arasında balans yaratmağa çalışır. İlk təyinatlar (dövlət katibi, milli təhlükəsizlik müşaviri, BMT-dəki səfir və s.) birinci xəttin, son açıqlanan təyinatlar isə ikinci xəttin təmsilçiləridir".

Bakupost.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, Milli Kəşfiyyat direktoru vəzifəsinə irəli sürülən namizəd xüsusilə qalmaqal yaradıb:

"Tramp bu vəzifəni Nümayəndələr Palatasının keçmiş üzvü, keçmiş demokrat Tulsi Qabbarda etibar edəcəyini açıqlayıb. Tulsi İraq müharibəsinin veteranıdır və istefada olan podpolkovnikdir. Bu qadın demək olar ki, bütün məsələlər üzrə ABŞ-ın ənənəvi siyasətinin tam tərsi olan mövqeyə malikdir, Ukrayna müharibəsi ilə bağlı Moskvanın təbliğat tezislərini davamlı təkrarlayır, Bəşər Əsədə simpatiyasını gizlətmir. Trampın əksər təyinatları kimi, T.Qabbard da erməni lobbisi ilə yaxın əlaqələrə malikdir və 2017-ci ildə o vaxt işğal altındakı Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan XİN tərəfindən “qara siyahı”ya salınıb. Tulsi Qabbard Türkiyə prezidenti Ərdoğanı “radikal islamçı meqalomanyak” adlandırıb və Ankaranı İŞİD-i dəstəkləməkdə ittiham edib.

Belə bir düşüncə sistemi olan şəxsin ABŞ-ın bütün kəşfiyyat strukturlarının fəaliyyətini əlaqələndirən və onlara ümumi rəhbərliyi həyata keçirən bir vəzifəyə sahib olması ağlasığmaz görünür, amma reallığa çevrilə bilər. (Həm Türkiyə, həm də Azərbaycan rəhbərliyi Trampın seçilməsini istəyirdi).

Baş prokuror-ədliyyə naziri vəzifəsinə irəli sürülən namizəd də odioz fiqurdur. Tramp bu vacib posta Nümayəndələr Palatasının üzvü Mett Getsi (Matt Gaetz) təyin edəcəyini açıqlayıb. M.Gets haqqında seksual qısnama, narkotik maddələrdən istifadə və digər iddialar hazırda Nümayəndələr Palatasının Etika komitəsində araşdırılır. Onun təyinatı təsdiqlənsə, barəsində cinayət iddiaları olan şəxs ittiham verən mövqeyə keçəcək.

Hər iki nominasiya demokratlar və mötədil respublikaçılar arasında narahatlıqla qarşılanıb. Onlar ümid edirlər ki, Senat bu namizədləri rədd edəcək. Yeri gəlmişkən, dünən Senatda respublikaçıların lideri dəyişdi. Uzun illərdir bu vəzifəni tutan və Trampla münasibətləri soyuq olan Mitç Makkonnell istefaya getdi, onun yerinə keçirilən seçkidə Tramp və İlon Mask tərəfindən dəstəklənən senator (Rik Skott) deyil, Makkonnellin dəstəklədiyi ənənəvi qanadın nümayəndəsi Con Tun lider seçildi".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar