Noyabrın 5-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gələrək ABŞ-nin 47-ci prezidenti seçildi. O, yanvar ayından prezident kimi fəaliyyətə başlayacaq. Tramp hakimiyyəti dövründə Vaşinqtonla Tehranın münasibətlərində hansı dəyişikliklər olacaq? İrana qarşı hərbi əməliyyatlar gözlənilirmi?
Mövzu ilə bağlı
Bakupost.az -a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İrana qarşı hərbi əməliyyatın gözlənilmədiyini bildirib:
“Amma İranla ABŞ arasında gərginlik davam edəcək. Bunun ilk siqnalı İranın ali dini lideri Seyid Əli Xameneinin Tramp hakimiyyəti ilə hər hansı əlqəni qadağan edən qərar qəbul etməsi oldu. Tramp isə yəhudipərəstdir, onların siyasətini dəstəkləyir. Bu baxımdan, ola bilər ki, İran-İsrail münaqişəsi bir az da genişlənsin və İranla ABŞ arasında soyuqluq davam etsin. Lakin İrana hücum etmək kimi addımlar atılmayacaq. Çünki İranın mövcudluğu ABŞ-nin müsəlman dünyasıyla bağlı siyasətində önəmli faktordur”.
Siyasi şərhçi Elçin Şıxlı isə Trampın öz siyasətində İrana qarşı hər zaman sərt mövqe tutduğunu vurğuladı:
"Xatırlayırsınızsa, İranla ABŞ arasında nüvə araşdırmalarıyla bağlı müqavilə vardı. Tramp hakimiyyətə gələn kimi o müqaviləni ləğv etdi. Belə gözlənilir ki, bundan sonra da sərt münasibət olacaq”.
O, İrana qarşı hərbi əməliyyatların olacağını düşünmədiyini bildirib:
“Çünki Tramp seçkiqabağı kampaniyada bütün müharibə və münaqişələri durduracağını bildirdi. Bu baxımdan onun əməliyyatlar başladacağına inanmıram. Digər tərəfdən, xatırlayırsınızsa Tramp hakimiyyəti vaxtı ABŞ Əfqanıstandan hərbi kontingentini çıxarmışdı. Onun əsas fikri ABŞ-də iqtisadiyyatı möhkəmləndirməkdir. Çünki ABŞ əsas rəqib kimi Çini görür. Amma təbii ki, İrana qarşı sanksiyalar daha da sərtləşdiriləcək”.
Rəhman Mirzəlizadə, Bakupost