Rusiya-Ukrayna müharibəsini bitirmək üçün aparılan danışıqlarda artıq “bəzi aktivlərin bölüşdürülməsi” məsələsi müzakirə olunub.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O, eyni zamanda çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını da açıqlayıb.
Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs haqda danışan Tramp deyib:
“Düşünürəm ki, Rusiya ilə vəziyyət pis getmir. Ola bilsin ki, çərşənbə axşamı hansısa açıqlamamız olsun, mən həmin gün Prezident Putinlə danışacağam. Həftəsonu ərzində çox iş görülüb, biz bu müharibəni bitirə biləcəyikmi, onu görmək istəyirik. Bəlkə bacararıq, bəlkə də yox, amma düşünürəm ki, çox yaxşı bir şansımız var.
Biz torpaq məsələsi haqqında da danışacağıq. Bildiyiniz kimi, müharibədən əvvəlki dövrlə müqayisədə bir çox ərazilərdə vəziyyət dəyişib. Həmin ərazilərdən, enerji stansiyalarından danışacağıq. Bu, böyük bir məsələdir”.
Trampın dəstəklədiyi atəşkəs təklifinə Putinin cavabı isə hələlik qeyri-müəyyən olub. O bildirib ki, Moskva bu təklifi nəzəri cəhətdən qəbul edir. Lakin eyni zamanda Putin sərt şərtlər irəli sürüb və Kiyevdən güzəştlər tələb edib. Putin yenidən iddia edib ki, Ukraynadakı hazırkı hökumət bu müharibənin “əsas səbəblərindən biridir”.
"Putin Prezident Trampın müharibənin sona çatmasını istəməsi ilə bağlı fəlsəfəsini qəbul edir". Bunu isə Trampın təmsilçisi Uitkoff bildirib. O, keçən həftə Putinlə keçirdiyi görüşü “həllə yönəlik müzakirə” kimi xarakterizə edib və döyüşlərin bir neçə həftə ərzində dayandırılacağına inandığını ifadə edib.
Putin cümə günü həmçinin bildirib ki, ölkəsi ABŞ ilə münasibətləri bərpa etməyə çalışır, çünki bu münasibətlər “əvvəlki Amerika administrasiyası tərəfindən demək olar ki, sıfıra endirilmiş və məhv edilmişdi.”
“Ümumilikdə, hərəkətlənməyə başlayıb,” – administrasiyası ilə münasibətləri nəzərdə tutaraq o əlavə edib: “Görək, nəticə nə olacaq.”
Amin Rızayev,BakuPost