Səudiyyə Ərəbistanı Ukraynanın Ər-Riyad danışıqlarına dəvət olunmasını təklif etsə də, ABŞ və Rusiya bunun əleyhinə çıxıb.
Bakupost.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Vladimir Zelenski deyib ki, Ukraynanın görüşə dəvət edilməməsi onun üçün sürpriz olub.
"Ukraynasız Ukraynada müharibənin necə dayandırılacağı ilə bağlı qərar qəbul etmək mümkün deyil. Biz bu görüşə müəyyən şərtlərə görə dəvət edilmədik. Səudiyyə Ərəbistanında Rusiya-Amerika görüşü. Bu, bizim üçün sürpriz oldu. Eləcə də bir çoxları üçün", - Zelenski deyib.
O, bütün bu hadisələrlə əlaqədar sabaha planlaşdırılan Səudiyyə Ərəbistanı səfərini də ləğv etdiyini bildirib. Səfər martın 10-na təxirə salınıb.
Ər-Riyadda bu gün keçirilən danışıqları və ABŞ və Rusiyanın Ukrayna nümayəndələrinin bu görüşə dəvət edilməsinin əleyhinə olması barədə məlumatı şərh edən Bloomberg, Zelenskinin Ukraynanın taleyi ilə bağlı müzakirələrdən kənarda qaldığını bildirib.
“Rusiyanın işğalına qarşı durduğu üçün bütün dünyada sayılan liderin danışıqlarla bağlı vasitəçidən məlumat istəməsi (o, danışıqların nəticəsi barədə Səudiyyə vəliəhdi tərəfindən məlumatlandırılmalı idi - Red.) ABŞ diplomatiyasında Tramp-Putin danışıqlarından sonra seysmik dəyişikliyi vurğulayır. Danışıqlar və ABŞ-la Rusiya arasında yüksək səviyyədə görüş ABŞ-nin yeni administrasiyasının hərbi münaqişəyə son qoymaq üçün hədsiz sürətlə razılığa gəlməyə çalışdığını göstərir , - nəşr yazır.
Bloomberg qeyd edir ki, eyni zamanda, Zelenski və Avropa Trampa təsir etmək və “ya razılaş, ya da get” prinsipi üzrə razılaşmadan qaçmaq üçün yollar tapmağa çalışır. Çünki Zelenski sadəcə olaraq “ultimatumu rədd edərsə”, bu, Ukraynanın ən böyük hərbi müttəfiqi olan ABŞ-ı ondan uzaqlaşdıra bilər.
Nəşr həmçinin ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinkenin “Beynəlxalq sistemdə masa arxasında deyilsinizsə, menyudasınız” sözlərini də sitat gətirir.
Zaur, BakuPost