Ru
23:44 / 17 Yanvar 2025

Tramp və Si Cinpin arasında telefon danışığı oldu

Tramp və Si Cinpin arasında telefon danışığı oldu
669

Çin Prezidenti Si Cinpin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bakupost.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Tramp özünün “Truth Social” sosial şəbəkəsində telefon danışığının çox yaxşı keçdiyini söyləyib və Vaşinqton ilə Pekinin yaxın gələcəkdə bir çox problemləri birgə həll edəcəklərinə ümid etdiyini bildirib.

ABŞ-nin yeni seçilmiş prezidenti ticarət balansı, “TikTok” və bir çox başqa mövzuları müzakirə etdiklərini söyləyib. Tramp vurğulayıb ki, o, Si Cinpinlə birlikdə dünyanı daha təhlükəsiz yerə çevirmək üçün mümkün olan hər şeyi edəcək.

Si Cinpin və Tramp həmçinin əsas məsələlər üzrə müntəzəm təmaslar üçün strateji kommunikasiya kanalı yaratmaq barədə razılığa gəliblər. Ölkə liderləri Ukrayna və Yaxın Şərqdəki hərbi münaqişələri də müzakirə ediblər.

Bu telefon danışığı ABŞ-nin yeni seçilmiş prezidentinin yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən bir neçə gün əvvəl baş tutub. KİV-in məlumatına görə, bu, siyasətçilər arasında 2021-ci ildən bəri ilk telefon danışığıdır.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı Çindən idxal olunan mallara 60 faizlik gömrük rüsumunun tətbiqini təklif edib. İlk prezidentlik dövründə (2017-2021) o, Çinin xeyrinə olan güclü ticarət balanssızlığı səbəbindən faktiki olaraq Çinlə ticarət müharibəsi başlatmışdı. Həmin vaxt Tramp administrasiyası Pekinə təzyiqin hərtərəfli sərtləşdirilməsi və Çinin hər tərəfdən qarşısının alınması kursu ilə hərəkət edirdi. Nəticədə Vaşinqton 370 milyard dollar dəyərində Çin mallarına gömrük rüsumları tətbiq etmişdi, lakin bu, balanssızlığı aradan qaldırmamışdı. Tramp həmçinin Çinin texnologiya şirkətlərinə, o cümlədən “Huawei”yə təzyiqi əhəmiyyətli dərəcədə artırmışdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar