“Trampın ABŞ-da hakimiyyətə gəlməsi dünyadakı proseslərə, təbii ki, bölgəmizə də təsir edəcək. Onun Avropa ilə münasibətlərlə yanaşı, Ukrayna müharibəsi ilə bağlı mövqeyi, Yaxın Şərq böhranı ilə bağlı hərəkətləri və İsrail-İran müharibəsi geniş müzakirə olunur. Şübhəsiz ki, Tramp İsrailin arxasında duracaq. Ancaq, İsrail-İran müharibəsində hansı səviyyədə iştirak edəcək? Cənubi Qafqaz bu qarşıdurmada harada olacaq? ABŞ ənənəvi olaraq İsrailə silah təchizatı ilə dəstək verib. Yəməndəki İran proksilərinin dəniz ticarəti marşrutlarında fəaliyyət göstərən gəmilərə hücumlarından sonra ABŞ husilərə zərbələr endirib. Lakin ABŞ İsrailin İrana hücumunda rəsmi iştirak etməyib”.
O qeyd edib ki, Trampın dövründə İsrailə silah tədarükü dayanmayacaq, bəlkə daha da artacaq. ABŞ-ın İrana birbaşa zərbə endirəcəyi ehtimal edilmir. Suriya, Livan, İraq və Yəməndə İran proksiləri əziyyət çəkməli olacaq:
"Bu qruplaşmalar maksimum zəiflədiləcək. İranın bölgədə təsirini azaltmaq ABŞ-ın marağındadır və bu məqsədə həmin qrupların hərbi infrastrukturunun məhv edilməsi ilə nail olunur. İran da öz növbəsində İsrailə mümkün hücumla bağlı ABŞ-la danışıqlar aparacaq, lakin bu nəticə verməyəcək. Trampın Yaxın Şərqdə İrana qarşı çıxmaqda təcrübəsi var. İlk dönəmidə bəzi ərəb monarxlarının İsraillə münasibətlərini normallaşdırdı, onları silahlandırdı. Baydenin prezidentliyi dövründə Çin liderliyi ələ alaraq Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyni İranla barışdırdı və Trampın nailiyyətləri səviyyəsinə qaldırdı. Trampın Körfəz monarxlarının İsraillə münasibətlərini normallaşdırmağa davam edəcəyi gözlənilir. Buna baxmayaraq, Körfəz monarxiyaları Suriya, Livan, İraq və Yəməndə İran tərəfdarı proksilərin hərbi infrastrukturunun məhv edilməsinə qarşı deyillər. İranla qarşı-qarşıya gələ bilməyəcəklər, amma onun bölgədəki məhdudiyyətlərinə də qarşı çıxmayacaqlar. Beləliklə, yaxın həftələrdə Yaxın Şərqdə gərgin vəziyyətin artması proqnozlaşdırıla bilər”.
Sevinc,
BakuPost