ABŞ-ın müttəfiqləri Donald Tramp administrasiyasının gələn həftə Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq planını təqdim edəcəyini gözləyir.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, planı müttəfiqlərə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq təqdim edəcək.
Onlar müzakirələrin nə dərəcədə təfərrüatlı olacağını və hansı formatda aparılacağını söyləməkdən imtina ediblər.
Təklifin fevralın 14-16-da Bavariya şəhərində keçiriləcək konfransda Rusiyanın başladığı müharibənin 3 illiyinin tamam olmasına bir həftə qalmış təqdim ediləcəyi gözlənilir.
Kelloq və digərlərinin son həftələrdəki hesabat və şərhləri, Trampın müttəfiqlərinin “güc vasitəsilə sülh” adlandırdıqları plana işarə edir.
Məqalədə deyilir: “Sülh elementlərinə münaqişənin potensial olaraq dondurulması və Rusiya tərəfindən işğal olunmuş ərazilərin qeyri-müəyyən vəziyyətdə buraxılması, eyni zamanda Ukraynaya Moskvanın yenidən hücum edə bilməməsi üçün təhlükəsizlik zəmanəti verilməsi daxildir”.
Kelloq çərşənbə günü Münhen görüşündə iştirak edəcəyini təsdiqləyib.
“Mən Amerikanın bizimlə işləmək istəyən müttəfiqləri ilə görüşəcəyəm”, - Kelloq sosial media platforması X-də yazıb.
Zaur, BakuPost