Ru
17:19 / 12 Mart 2025

Trampın ticarət müharibəsi: Bu, Avropa üçün hansı nəticələrə səbəb olacaq? -TƏHLİL

Trampın ticarət müharibəsi: Bu, Avropa üçün hansı nəticələrə səbəb olacaq? -TƏHLİL
Eye

Əgər ABŞ prezidenti tarifləri tətbiq edərsə, Fransanın şərab və spirtli içkilər və əczaçılıq məhsulları kimi sənayesi ən çox risk altında olacaq.

Bakupost.az Euronews.com-a istinadən xəbər verir ki, transatlantik ticarət müharibəsi təhlükəsi yenidən gündəmə gəlib.

Çünki ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından gələn bütün mallara 25%-ə qədər genişmiqyaslı tariflər tətbiq etməklə hədələyib.

Bu potensial addım Fransız iqtisadiyyatında sarsıntıya səbəb ola bilər. Cavab olaraq Brüssel bildirir ki, əks tədbirlər görməyə hazır olacaq.

Fransanın bank qrupu Natixis-ə görə, 2023-cü ildə ABŞ Fransanın dördüncü ən böyük müştərisi və beşinci ən böyük təchizatçısı olub.

Aviasiya, əczaçılıq, şərab və spirtli içkilər Fransanın ABŞ-a ixracının üçdə birindən çoxunu təşkil edir və bu sektorlar xüsusilə həssas vəziyyətdədir.

Lakin illik ixrac dəyəri 3,9 milyard avro olan fransız spirtli içkilər sənayesi ən pis ssenariyə hazırlaşır.

Artıq 2019–2021-ci illər arasında oxşar bir tarif müharibəsində Tramp fransız şərablarına 25% rüsum tətbiq etmiş, sonradan bu siyasəti konyak və digər yüksək səviyyəli içkiləri də əhatə edəcək şəkildə genişləndirmişdi.

Sənaye nümayəndələrinin bildirdiyinə görə, bu vəziyyət fəlakətli nəticələr doğurmuş, ixracatda 40%-lik azalma və 500 milyon avro xalis itki ilə nəticələnmişdi.
Əczaçılıq məhsulları (Fransanın ABŞ-a ixrac etdiyi ikinci ən böyük kateqoriya) da risk altında ola bilər.

Əgər ABŞ tarifləri tətbiq edərsə, Fransız əczaçılıq şirkətləri istehsal prosesini başqa ölkələrə köçürmək məsələsini nəzərdən keçirməyə məcbur qala bilərlər.

“Polad sektoru artıq zəifləyib, avtomobil sektoru isə elektrik nəqliyyat vasitələrinə keçid dövrü yaşayır,” – deyə Fransız iqtisadi araşdırma mərkəzi FİŞR-in iqtisadçısı Kristof Blot bildirib.

“Eyni zamanda, ABŞ bazarına güclü şəkildə bağlı olan sənayelər, məsələn, lüks məhsullar və əczaçılıq sektoru xüsusilə həssasdır,” – deyə Blot əlavə edib.

Bəs ən çox təsirlənə biləcək digər ölkələr hansılardır?

Materialda qeyd olunur ki, Trampın taarif siyasətindən Almaniya və İtaliya daha ağır zərbə ala bilər. Hər iki ölkə ABŞ ilə əhəmiyyətli ticarət profisitinə malikdir və bu da onları Tramp üçün əsas hədəflərə çevirir.
Natixis bankının araşdırmasına görə, 10%-lik tarif artımı Almaniyada iqtisadi məhsuldarlığı təxminən 0,5%, İtaliyada 0,4% və Fransada 0,3% azalda bilər.
ABŞ prezidentinin növbəti addımı ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, iqtisadçılar Avropa İttifaqını yeni tarif artımlarına hazır olmağa çağırırlar.

“Hazırda bunlar sadəcə hədələrdir, konkret vaxt cədvəli və detalları yoxdur,” – deyə beynəlxalq ticarət üzrə ixtisaslaşmış iqtisadçı Sebastyen Jan bildirib.

“Lakin Ağ Evin verdiyi təkrar bəyanatları və siqnalları nəzərə alsaq, ABŞ-ın polad və alüminiumdan əlavə Aİ idxalına tariflər tətbiq etməməsi təəccüblü olardı,” – deyə o fikrini yekunlaşdırıb.

Amin Rızayev,BakuPost



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar