Məlum olduğu kimi, Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər. "Seabreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay çəkilməsi mümkündür:
“Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Bu istiqamətlərdə də araşdırmalarımız davam edir. Məqsəd yalnız hansısa nəqliyyat növünün inşası yox, mövcud resurslarımızın ən effektiv istifadəsinə yönəlməkdir. Tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşdirilir və bu istiqamətdə işlərimiz davam edir”.
Qeyd edək ki, tramvayların bərpası prosesi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında da əksini tapıb.
Ekspertlər tramvay xəttinin qurulmasının yol hərəkətinin təşkilinə və tıxacların aradan qaldırılmasına müsbət töhfə verəcəyini düşünür.
Nəqliyyat eksperti Elməddin Muradlı
Bakupost.az -a bildirib ki, tramvay-elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə olunacaq:
"Metronun, avtobusun keçməsi çətin olan yerlərdə tramvay çəkiləcək. Lakin təkcə bu iki ərazidən söhbət getmir, bir çox ərazilərdə tramvayların hərəkəti bərpa olunacaq. Hazırda konkret qərarlar qəbul edilməyib. Bu, sadəcə bir layihədir, təklifdir. Təkliflər dəyərləndirilməlidir və ondan sonra qərar qəbul edilməlidir ki, bu ərazilərdə həmin işlərin görülməsi uyğundur, yoxsa yox? Bu fikirlərdən sonra yəqin ki, müəyyən bir nəticəyə gələcəklər”.
Onun sözlərinə görə, tramvay xətlərinin bərpası üçün bir sıra küçələrdə plan üzrə tədqiqat aparılması mümkündür:
“Lakin 90-cı illərə qayıdıb bu planla hərəkət etmək mümkün deyil. Çünki artıq bəzi küçələr buna imkan vermir. Köhnə tramvay xətlərinin olduğu ərazilərin çoxunda yaşayış və iaşə obyektləri tikilib. Ona görə də orada tramvay xəttlərinin çəkilməsi mümkünsüzdür. Bu, nəqliyyatın hərəkətini poza bilər. Lakin 8 noyabr, Babək prospektlərində, şəhərin bəzi mərkəzi küçələrində (məsələn, Rəşid Behbudov küçəsi) və s. tramvay xətti çəkmək mümkündür".
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, əksər şəhərlərdə olduğu kimi, Bakıda da tramvaylara ehtiyac var. Bu, həm ekologiyanın korlanmaması, həm də tıxac probleminin həlli üçün vacibdir:
"Tramvay elektrik enerjisi ilə işləyir və avtomobildən fərqli olaraq havaya zəhərli qaz buraxmır. 20 il bundan əvvəl tramvay xətlərini ləğv edib, yollarda avtomobillərin hərəkəti üçün əlavə zolaqlar saldılar. Dünya təcrübəsində, lap elə Türkiyədə tramvay yollarının kənarlarının hasarlandığını görə bilərik. Son nəticədə onlar tıxaca düşmür. Yəni, tramvay xətlərinin sökülməsindən və yollarda zolaqların sayının artırılmasındansa, xətlərin kənarlarını hasarlamaq daha yaxşı olar”.
Nəqliyyat məsələləri üzrə Eldəniz Cəfərov bildirib ki, tramvay xətlərinin yaradılması ictimai nəqliyyatın şaxələnməsinə gətirib çıxaracaq:
"İctimai nəqliyyatın şaxələnməsinə, yeni nəqliyyat sisteminin yaradılmasına ehtiyac var. Bunlardan biri tramvay ola bilər. İstər sadə, istər sürətli tramvay xətlərinin çəkilməsinə ehtiyac var. Bu tramvay xətləri sadəcə dekorasiya naminə, yəni turistlərin fonunda şəkil çəkdirməsi üçün deyil. Rentabelli və keyfiyyətli sərnişindaşıma həyata keçirə bilən tramvay xətləri olmalıdır. Həm alternativ kimi, həm də sərnişin daşınması üçün tramvayların olması vacibdir. Bu, real ictimai nəqliyyat kimi çalışmalıdır”.
Ekspertin sözlərinə görə, tramvay xətləri elə yerlərdə çəkilməlidir ki, mövcud yol infrastrukturuna xələl gətirməsin və digər hərəkət iştirakçılarına mane olmasın:
"Bakı şəhərinin qəsəbələrinə - Hövsan, Biləcəri və s. ərazilərə, eləcə də Ziya Bünyadov küçəsi boyunca “Koroğlu” metrostansiyasına qədər tramvay xəttinin çəkilməsi realdır”.
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov vurğulayıb ki, inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatın ən gözəl növlərindən biri də tramvaydır. Həm ekoloji cəhətdən sərfəlidir, elektrik enerjisi ilə işləyir, havanı çirkləndirmir, həm də iri tutumlu olur. Yaxşı şəbəkəsi olarsa, tramvaylar sərnişindaşımada böyük rol oynayır:
“Düşünürəm ki, Bakı şəhəri tramvay xəttinin çəkilməsi çox vacibdir. Ancaq "Bakı küçələri tramvayın yenidən bərpa olunmasına hazırdırmı” sualına cavab vermək bir az çətindir. Xaricdə böyük şəhərlərdə cəmi iki zolaqdan ibarət olan küçədə də tramvay xətti çəkiblər. Hətta yol hərəkəti qaydalarını da uyğunlaşdırıblar. Məsələn, baxırsan ki, tramvay gedir, arxasınca da adi avtomobil hərəkət edir. Nəqliyyat vasitəsini idarə edən sürücü artıq bilir ki, tramvaya mane olmaq olmaz. Bütün bunları Bakı küçələrində tətbiq etmək olar. Avropada sərnişindaşımada tramvay və trolleybusların tətbiqi geniş vüsət alıb. Burada ilk növbədə tıxacların aradan qaldırılması və insanların tez və vaxtında iş yerlərinə çatdırılması məsələsi dayanır. İkinci növbədə isə şəhərin ümumilikdə ekoloji tarazlığının pozulması ilə bağlı narahatçılıqların aradan qaldırılması məsələsi var.
Tramvaylar üçün xəttlər çəkilməli, infrastruktur qurulmalıdır, işçi personalı olmalıdır və s. Bu kimi problemləri həll edə bilsək, yəqin ki, əfsanəvi tramvaylar geri dönə bilər. Düşünürəm ki, şəhərin yeni küçələrində tramvay xəttini çəkmək çox yaxşı olar”.
Sevinc,
BakuPost