Tuneldə ölən Elnur və Köçərinin ailəsinə hansı yardımlar düşür? - Açıqlama
8354
Xəbər verdiyimiz kimi, oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər vəfat edib.
48 yaşlı Elnur Fazil oğlu Şirinovun nəşi Kürdəmir şəhər qəbiristanlığında torpağa tapşırılıb. Laçın rayon sakini olan 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov isə Kürdəmir rayonunun Muğanlı kəndində dəfn edilib.
Qeyd edək ki, Elnur və Köçəri ticarətlə məşğul olurmuş. Onlar “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər.
Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Bəs təbii fəlakət nəticəsində vəfat edənlərə hansısa yardım olunacaqmı? Qanunvericilik nə deyir?
Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib MəmmədovBakupost.az –a açıqlama verib.
O bildirib ki, həmin şəxslərin ailələrinə kompensasiya verilməlidir:
“Əgər hadisə iş prosesində baş veribsə, Əmək Müqaviləsi, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarında icbari sığortası varsa, bu halda onun vərəsələrinə kompensasiya verilməlidir. Eyni zamanda, yaşı 18-ə çatmamış, 18-ə çatıb, təhsil alan övladları, yaxud əlilliyi olan xanımı varsa, onlara ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilər.
Həmçinin, qeyri-rəsmi şəkildə və ya İcra Hakimiyyəti orqanları tərəfindən yardımlar oluna bilər”.
S.Məmmədov qeyd edib ki, istehsalatla bağlı sığorta faktı varsa, onlara sığorta şirkəti də kompensasiya ödəyə bilər:
“Eyni zamanda, pensiya hüququ varsa, o hüququ təmin olunmalıdır. Onun faktiki iş yeri araşdırılmalıdır. Sığortalanmayıbsa belə, ona kompensasiya verilməlidir. Kompensasiya maaşla hesablanır. Əgər himayəsində azyaşlı uşaqlar varsa, 65 yaşına çatana qədər, 100 faizlə hesablanır.
Əgər işləyirsə, bu, sığorta hadisəsidir. İşəgötürən onu sığortalayıbsa, sığorta şirkəti ödəməlidir. Sığortalamayıbsa, şirkət özü ödəməlidir. Bundan əlavə azyaşlı uşaqları varsa, haradasa işləyibsə, onlara əmək pensiyası təyin olunur”.