“Gün ərzində başımda dolanan 3 söz var: Tünzalənin “Röyal, ay Röyal” deməsi Xəstəxanada sonuncu gün, tibb bacısının saat 10-da “Tünzalə xanımın ürəyi dayandı, geri qaytardıq, amma 11-də yenidən dayandı, başınız sağ olsun” deməsi…”.
Bakupost.az xəbər verir ki, bu sözləri instaqramda mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yazıb.
Qızı ilə fotosunu paylaşan Röyal bunları qeyd edib: “Və Tünzalənin “Bir gün olacaq, yolunuza mənsiz davam edəcəksiniz” deməsi! Bu üç söz 811 gündür ki, bir gün belə başımdan çıxmır! Çox darıxıram onun üçün. Bəzən Zərham deyir ki, “Ana üçün çox darıxıram”, deyirəm ki, “Qızım, mən də yoldaşım üçün darıxıram”. Qucaqlaşırıq və beləcə növbəti günə qədər sanki hər şey qaydasındaymış kimi davam edirik.
Növbəti gün isə yenidən başa dönürük! Əslində biz ikimiz də çox şanslıyıq. Şanslıyam ki, əxlaqlı, gözəl, imanlı yoldaşım olub. Zərham da şanslıdır ki, onun hər kəs tərəfindən sevilən, hörmət edilən və hər bir kişinin “bacım” dediyi insanın qızıdır!
Həmd olsun, aləmlərin Rəbbi olan Rəhmana verdiyinə görə şükür edirik”.