Ru
16:35 / 13 Sentyabr 2019

Türk bloger Xocalı soyqırımının törədildiyi yerdə - FOTOLAR

Türk bloger Xocalı soyqırımının törədildiyi yerdə -  FOTOLAR
95388

Nə qədər ölkə, şəhər gəzsək də, hər kəsin baxıb, köks ötürdüyü bir uzaqlar var. Elə uzaq ki, bu gün bizim üçün əlçatmazdır. Bu əlçatmazlıq nə maddiyyat, nə də hansısa qayğılarla bağlıdır. Arzusunda olduğumuz şəhərlərin fotosuna baxdıqca, o cənnət diyarları görənlər "Sən bir də Şuşanı görsəydin”, "Ləmbəlinin meşəsini, yaşıllığını, Göyçənin dağını, bulağını görsəydin”, deyirlər... Ancaq şəkillərdən həsrət və həsədlə baxa bildiyin yerləri heç vaxt görə bilməmək qorxusu, düzü, göynədir. Ata yurdunun doğmalığımı daha çox o uzaqlara bağlayır, ya illərdir beton şəhərə aid hiss etməmək duyğusumu, bilmirəm. Bildiyim odur ki, o ağrını bir də hər Gürcüstandan boylananda, o qədər yaxınkən bir neçə addımına gedə bilməyəndə hiss edirsən. Sənin olan torpaqlara uzaqdan baxır, ondan-bundan xəbər alırsan...

Bir paylaşımı götürmək üçün instaqramda axtarış edirdim. Təsadüfən türk blogerin Xankəndi şəhəri yaxınlığında "Biz və bizim dağlar” abidəsi (ermənilər arasında "Nənə-baba” kimi tanınır) qarşısında fotosu və yazdığı fikirlər diqqətimi çəkdi.


Yazıma dərhal reaksiya verdi. Hələ də orada olduğunu bildirdi. İşin yorğunluğu bir tərəfdən, təəssüratlarını yazdıqca daha da həyəcanlanır, fərqində olmadan ard-arda suallar yazırdım. Mənə Qarabağdan yazırdı... Qarabağdan danışırdı. İlk olaraq Göyçə (Sevan) gölünü soruşdum, keçən il gölü zibillədiklərinə dair izlədiyim video əsəbimi pozmuşdu. Mən soruşmadan getdiyi, gördüyü yerlərdən danışmağa başladı. Təhlükəli bölgədə olduğundan Mutludan mənə İstanbula qayıtdıqdan sonra yazmasını xahiş etdim.


"Səyahət etdiyim hər ölkədə işləyirəm”


Publika.az-a danışan 23 yaşlı Mutlu Tokyürek Türkiyə vətəndaşıdır. Blogerdir. Trakya universitetinin Memarlıq fakültəsinin məzunudur. 2 ildir davamlı dünyanı gəzən Mutlu başqa gəzginlərin səyahətlərini asanlaşdırmaq üçün instaqramda gəzdiyi, gördüyü ölkələrin ən maraqlı məlumatlarını paylaşır:


"İndiyədək 27 ölkədə olmuşam və getdiyim hər ölkədə səyahətimi avtostop edərək reallaşdırmışam. Məzun olduqdan sonra zehnimdə boşluq hiss etdim və fərqli yaşam və mədəniyyətlər kəşf etmək istədim. Çantamı götürdüm və ilk getdiyim ölkə Livan oldu.


Getdiyim hər ölkədə işləyirəm. Sinqapurda qolbaq hazırlayıb satdım, Malayziyada ofisiant, Orta Asiya ölkələrində interyer dizayneri, Azərbaycanda çörək satıcısı işlədim və bir ailənin evinə yataq və mətbəx şkafı düzəltdim. Kiprdə inşaatda, Filippində düyü tarlasında, Ermənistanda inək fermasında işlədim. Bu formada həmin yerlərdə qalmaq, yemək, içmək və nəqliyyat ehtiyaclarımı qarşılayıram”.


"Ermənistan çox fərqli və təhlükəli ölkədir”



Azərbaycan, Gürcüstan və İranı ziyarət edən Mutlu son olaraq Ermənistana getmək, tarixi Azərbaycan torpaqlarını görmək qərarına gəlir:


"Cənubi və Orta Asiya turumdan sonra Qafqaz gəzintisinə çıxmaq istədim. Növbə ilə Azərbaycan, İran, Gürcüstanı ziyarət etdim. Qafqaz ölkələri arasında Ermənistana getməmişdim. Ermənistan çox fərqli və təhlükəli ölkədir. Ölkəmlə həmsərhəddir, amma daxildə nə baş verir, bilmirik.


Bu il Qafqaz turumdan qayıtdıqdan sonra nə isə əskik kimi hiss etdim. Çantamı götürüb, yola çıxdım. Türkiyənin Aktaş sərhəd buraxılış məntəqəsini keçərək, Gürcüstana, oradan isə Ermənistan sərhədinə və Bavra sərhəd məntəqəsindən Ermənistana girdim. Ölkəyə giriş viza qiyməti 6 dollardır (təxminən 11 manat).


Vizanın çox çətin alındığını bilirdim, amma uzun cəhddən sonra mənə qısamüddətli bir tək girişli viza verdilər. Normal şərtlərdə taksilər Xankəndi şəhərinə 100 dollara aparırlar, amma mən dünyanı avtostopla gəzdiyim üçün İrəvandan avtostop çəkməyə başladım. Əvvəlcə, bir maşınla Sevan şəhərinə gəldim, daha sonra gölün ətrafından davam edərək, növbə ilə Martuni və Vardenis rayonlarını keçdim. Sərhəddə polis yoxlanışı vardı, bura gecə saat 01:00-da çatdım. Polis məni 4 saat sorğuladıqdan sonra, davam etməyimə icazə verdi. Bir kamaz dayandı və mindim. Xankəndinə gedirdi. Şəhərə səhər təxminən 10-da çatdım və hostelə yerləşdim. "Nənə və baba heykəli”ni, sonra havalimanını və ora yaxın Xocalı kəndini ziyarət etdim.


Xocalı soyqırımının baş verdiyi ərazi dağıdılıb, yandırılıb



Xocalıda tanış olduğum birinin evində qaldım. Xocalı soyqırımının olduğu kəndə getdim. İcazəsiz getdiyim üçün əsgərlər əsəbiləşdi, amma gizli də olsa bölgədə foto və video çəkməyi bacardım.


Ermənilər həqiqətən çox dəhşətli soyqırımı törədib. Hadisənin baş verdiyi bölgə yandırılıb, dağıdılmış haldadır, yaxınlığında yeni bir kənd inşa edilib.


Xocalı Hava Limanı hazırda çox yeni və baxımlı şəkildədir, amma ən son uçuşunu 1991-ci ildə həyata keçirib. Hava limanına girmək sərbəstdir, amma içi boş və sadəcə bina kimi durur.

İki gün sonra isə tarixi şəhər Şuşaya getdim.




"Qarabağda türklərə ürküdücü gözlərlə baxırlar”



Xüsusilə, Qarabağa getmək istəyən blogeri viza almağın çətiliyi, digər tərəfdən Azərbaycan və Ermənistan arasında olan müharibə vəziyyəti, həmçinin bu səbəbdən türklərə olan fərqli münasibət qorxudur. Lakin Qarabağı görmək arzusu onu yolundan döndərmir:

"Xəritədə gəzərkən Dağlıq Qarabağ diqqətimi çəkdi. "Ora necə gedərəm” deyə araşdırmağa başladım, viza almaq çox çətin idi. Səhər saat 10 radələrində səfirliyə getdim, əvvəl vətəndaşlığımı soruşmadılar, sadəcə viza müraciət formasını verdilər. Formanı doldurduqdan sonra Türk vətəndaşı olduğum üçün suallar verməyə başladılar. Niyə gedəcəksən, nə edəcəksən orada və s. Səyahətçi olduğumu anladıqdan sonra 6 USD olan vizanı mənə pulsuz verdilər.

Qarabağ yamyaşıldır. Möhtəşəm təbiəti, ucsuz-bucaqsız dağları var. Bölgəyə girdiyin an içində bir an qorxu, bir an da həyəcan hissi keçirirsən.


Ermənistan Türkiyə və Azərbaycanla küsülü bir qonşu olduğundan, burada türklərə ürküdücü gözlərlə baxırlar. Bu mənada bizim üçün çətin bir bölgədir”.



"Bağışlanmaq ümidi ilə Qarabağa getdim”



Qarabağa getdiyi halda, Azərbaycana növbəti gəlişinin problem olma ehtimalını bilərək, Mutlu gedir. Deyir ki, Qarabağ ona hər zaman maraqlı olub və gedib çıxmaq xəyalını belə qura bilməsə də, orada olacağına inanırdı:

"Azərbaycan çox gözəldir. Bibiheybət məscidini, Xalça Muzeyini çox bəyənirəm. Naxçıvan, Gəncə, "Xan bağı” da çox gözəldir.

Amma mən doğulduğum gündən indiyədək həmişə mətbuatda, televiziyada Qarabağ savaşı, Qarabağ problemi və Xocalı faciəsini eşidərək, izləyərək böyüdüm. Xəyal edə bilməsəm də, bir gün orada olacağımı bilirdim.

Qarabağ mənə həmişə bilinməyən, gizli bir yer kimi gəlib və araşdırmalarımda səyahətçilərdən indiyədək ora gedən görmədim. Xüsusilə, vəhşicəsinə qətl edilən Xocalı insanlarının şəhərini ziyarət etmək istədim.

Azərbaycanın dünyanın ən yumşaq ürəkli ölkələrindən biri olduğunu bilirəm və bu səbəblə məni bağışlayar ümidilə Qarabağa getdim”.


"Türk olduğumu bildikdə təpikləyib qovdular”



Bloger türk olduğu üçün də müəyyən təzyiqlərə məruz qalıb. Deyir, yardım edənlər olsa da, əsgərləri bəzən kobudluq edir, bəzən hətta döyüblər:

"Burada hər yer əsgərdir. Onlar bəzən mənə yardım edir, bəzən döyürdülər. Yerinə görə dəyişir.

Yaxşı və pis insan bütün dünyada var. Amma Ermənistanda türk olduğunuzu dedikdə insanlar həmin vaxt kobudlaşıb sizinlə mübahisə edirlər. Buna görə insanlara türk olduğunuzu bildirməmək ən yaxşısıdır.

Qarabağ bölgəsində istədiyin kimi rahat gəzə bilmirsən. Türksənsə, işin daha çətindir. Ağdərə ərazisində yolda foto çəkirdim. Bir hərbi maşın yanıma gəlib, burada nə edirsən, soruşdu. Foto çəkdiyimi dedim. Hansı ölkə, Türkiyə dedikdə, kobud şəkildə çəkdiyim fotoları silib, məni təpikləyib "tərk et” dedi. Amma başqa ölkə vətəndaşına elə davranmadıqları dəqiqdir. Daha sonra sərhədə yaxın Sarıdaş şəhərində düşərgə quracaqdım. Gecə oldu, əsgərlər gəlib düşərgəmi dağıtdılar. Oradakı bir kəndin insanı gəlib məni evinə apardı. Əsgərləri çox kobud və pisdir. Qarabağ bölgəsi bir hərbi kazarmanı xatırladır desəm, heç də şişirtmərəm”.

"Ermənistan unudulmuş bir ölkədir”



Mutlu burada xarici dili bilənlərin çox olmadığından ünsiyyətdə çətinlik çəkdiyini deyir:

"Ermənistan unudulmuş bir ölkədir. Ölkəyə çox turist gəlmədiyindən insanlar xarici dil bilmir, ingilis dili bilən demək olar ki, yoxdur. Sadəcə sovet ölkəsi olduğu üçün keçmişdən qalan rus dilini bilirlər. Əl və mimika vasitəsilə çox yerdə bir-birimizi anlayırıq. İrəvan və Gümrü şəhərində isə türk dilini bilən nisbətən var idi.

Ermənistan kasıb ölkədir, işsiz gənclər çox olduğu üçün ölkənin böyük bir hissəsi Rusiyadadır.

Ölkədə insandan çox əsgər var və tez-tez pasport yoxlayırlar. Onsuz da Ermənistanı Rusiya əsgəri qoruyur. Yoxsa çox qorxaqdırlar”.



"Ermənilər Azərbaycanın tarixini silmək istəyirlər”

O, Azərbaycana məxsus şəhərlərin, kəndlərin darmadağın edildiyini, xaraba hala salındığını, erməni xalqının əvvəlkindən də pis vəziyyətdə yaşadığını söyləyir:

"Qarabağdakı insanlar həqiqətən Azərbaycan xalqını sevir, bizim bu halda olmağımıza səbəbi siyasətçilərdir, deyirlər. Hazırkı hakimiyyəti məcburi olaraq seçdikləri gözlərindən oxunur. Əsgəran şəhərində bir xanımın bu sözü ağlımdan çıxmır: "Əvvəl kasıb idik, amma həyatımız yaxşı idi. İndi yenə kasıbıq, amma xoşbəxt deyilik. Burada həbs olub qaldıq, keçmişdə hər şey daha gözəl idi”.


Qarabağdan ayrılarkən son dəfə dönüb, arxaya baxdım. Bölgədə həqiqətən Azərbaycana aid bir şey qalmayıb. Azərbaycan xalqının yaşadığı şəhərlər, kəndlər darmadağın edilib və xaraba şəklindədir. Azərbaycanın köklü bir tarixi var və onu silmək, orada sanki azərbaycanlılar heç yaşamamış kimi göstərmək istəyiblər. Bütün şəhər və kəndlərin adı dəyişib, hətta yeniləri inşa edilib”.





Mutlu hazırda Türkiyədədir. Artıq növbəti xarici səfərinə hazırlaşır. Müsahibə üçün vətəninə dönməsini gözlədim. Deyir, əliboş qayıtmayıb. Mənim üçün Vətənimdən torpaq gətirib, amma qanunda ölkədən torpaq çıxarmaq qadağan olduğundan xeyli problem yaşayıb. Dibçəkdə torpağı sərhəddən çiçəyi çox sevdiyi üçün aldığını deyərək, erməni əsgərinə 40 dollara yaxın pul rüşvət verməklə keçirə bilib.


Torpaqdan pay olmaz deyirlər. Amma bu, bəlkə də indiyədək aldığım və yolunu səbirsizliklə gözlədiyim hədiyyəmdir. Heç görmədiyim vətənimdən ilk hədiyyəm... O hədiyyəyə tezliklə qovuşmaq isə bir o qədər çətin və problemli məsələdir.



Şərhlər
  • M.

    Cox tesirlndim,kovreldim.bizi ne hala qoyublar ki gede bilmirik vetenimize...

  • KENGERLI...

    OXUDUM.EGER BIZ XALQ OLARAQ NAMUSUMuz QRIETIMIZ VARSA QARABAG BAREDE VEZIYYETI BELE QEBUL ETMEMELIYIK : BUTUN XALQ AYAGAQALXMALIDIR TORPAQLARI TELEB ETMELIZYIK _9))= BURADA IXTIDAR;MUXAIIFET VE HAMI AYAGA QALXMALIDIR : BUTUN DUNYA GORMELIDIRKI BIR QARISH TORPAQ BELE HEC KIME VERIMEYECEK; BIZI ALDADILAR ATET YALANDANISHIR HEC BIR SULH YOLU ILE BIZE TORPAQ QAYTARILMAYACAQ; "20ILDEN COXDUR BIZE YALAN DANISHRLAR BIZ TORPAQLARIMIZI ANCAQ OZUMUZ MUHARIBE YOLU ILE ALMALIYIQ;BIZ GORMURUK KI ERMENI HAKIMYETI BIZIM HAKIMYETI VEBIZI ELE SALARAQ TEHQIR EDIRLER; BIZ ISE BAXIRIQ BUTUN AZERBAYCAN XALQI AYAGA QALXIB TORPAQLARI ALMALYIQ ;;;;;;; A

  • Azər Məmmədov

    Azərbaycan müharibə etməsə Qarabağ əldən çıxacaq. 26 ildə ermənilər Qarabağı ora səfərlər edən çoxsaylı turistlərə erməni torpağı olduğunu təbliğ edir və Azərbaycanın guya onların torpağını işğal eləmək istədikləri onlara başa salırlar!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar