Bakıda türk iş adamının evindən 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlayan şəxslər 6 il sonra həbs edilib.
Bakupost.az -ın "Qaynarifo"ya istinadla məlumatına görə, oğurluq Azərbaycanda xarici ölkələrdən avtomobil hissələrinin gətirilməsi və satışını həyata keçirən Selçuk Mahmud oğlu Tapanın 23 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən evində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Üzeyr Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yaşayan qayınanasının evinə qonaq gedərkən qonşuluqda bahalı avtomobildə Selçuk Tapanı görüb. O, yaxınlarından Selçuk Tapanın işadamı olduğu öyrənib.
Bundan sonra Üzeyr qabaqcadan tanıdığı Gürcüstan vətəndaşları - 1984-cü il təvəllüdlü Niyazi və 1986-cı il təvəllüdlü Namiq adlı şəxslərlə razılaşaraq, iş adamının evindən oğurluq ediblər.
Onlar oğurladıqları pulları aralarında bölüb, qızılları isə dəmir ziynət əşyası bilərək zibilliyə atdıqlarını deyiblər. Hər üç şəxsin 6 il sonra oğurluq hadisəsini törətməsi sübuta yetirilib.
Baki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə hər üçü Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib. Üzeyr 6 il 3 ay, Niyazi 5 il 9 ay, Namiq 5 il 1 ay 15 gün müddətində həbs cəzası alıb. Onların cəzaçəkmə müddəti 18 sentyabr 2024-cü il tarixdən hesablanıb.