Türkiyə və Suriya silahlı qüvvələri Qərb dövlətləri "yeni tələblər" irəli sürəcəyi halda PKK-ya qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayacaq.
Bakupost.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Suriya ərazisində yerləşən PKK üzvləri başqa bir respublika idarəçiliyinin yaradılması tələbi ilə çıxış etməyə davam edirlər. Bildirilir ki, bu fonda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan onlara xəbərdarlıq edib:
"Ərdoğan bildirib ki, əgər PKK silahını yerə qoymasa, başqa bir idarəçilikdə israr etməyə davam etsə və Qərb ölkələri bu istiqamətdə tələblər irəli sürsələr, Suriya dövləti ilə birgə irimiqyaslı hərbi əməliyyatı qaçılmaz olacaq"- deyə xəbərdə vurğulanır.
Eyni zamanda, məqalə müəllifləri Qərb dövlətlərinin hansı "yeni tələbləri"nin birgə əməliyyatın başlanmasına səbəb ola biləcəyini dəqiqləşdirməyiblər.
Həmçinin məqalədə vurğulanır ki, Türkiyə PKK-nın “varlığını davam etdirməsi” üçün deyil, Suriyada vəziyyəti sabitləşdirmək üçün səy göstərir. Hazırda Ankara bu məsələdə “A Planı”na sadiqdir, amma “B planı” da var.
Yanvarın 7-də Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Suriyada yerləşən PKK üzvlərinə ultimatum irəli sürüldüyünü açıqlayıb. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti PKK nümayəndələrindən silahlarını yerə qoymağı və Suriyanın ərazisini tərk etməyi tələb edib. Bu tələbə məhəl qoyulmayacağı təqdirdə, Ankara hərbi əməliyyatlara başlaya bilər.
Lalə Novruz, BakuPost