Türkiyənin Rizə vilayətinin Çayəli rayonunda güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi bir nəfərin həyatına son qoyub.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Rizədə Çarşıbaşı məhəlləsində gecə boyunca yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Saat 06:00 radələrində baş verən hadisədə yamacdan qopan torpaq kütlələri bir-birinə bitişik iki yaşayış binasının ilk mərtəbələrindəki mənzillərə dolub.
İlkin məlumata görə, bir nəfər torpaq qalaqları altında qalaraq həyatını itirib. Xəsarət alan sakinlərin olduğu da bildirilib. Hadisə yerinə dərhal xilasetmə və təcili tibbi yardım qrupları cəlb edilib. Xəsarət alanlar təxliyə olunub.
Çayəli Bələdiyyə Başçısı İsmayıl Haqqı bildirib ki, bu yaxınlarda baş verən 4,7 bal gücündə zəlzələ torpağın hərəkətə gəlməsinə səbəb olub: "Yağışlar davam edir və vəziyyət hələ də risklidir".
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Lalə, BakuPost