Bakının Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Cəlal şəxsi münasibətdə olduğu Türkiyə vətəndaşı Sinana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Tərtər rayon sakini Cəlal Biləcəri qəsəbəsində Sinan adlı oğlanla görüşüb. Sinan təkidlə mehmanxanada gecəni onunla birlikdə qalmasını istəyib. Cəlal buna etiraz edib.
Bu zaman Cəlalın atası Vaqif onlara yaxınlaşıb, oğlunun evdə qalmasının vacib olduğunu bildirib, Sinandan oğlundan əl çəkməsini və öz ölkəsinə qayıtmasını tələb edib.
Sinan hücum edərək Vaqifi təhqir edib, əl-qol ataraq ona zərbə vurub. Bu səbəbdən Cəlal bıçaqla Sinanın bədəninə zərbə endirib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
“Fərqli hisslər bəslədiyini hiss etdim”
İstintaq orqanı tərəfindən Cəlalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Sinanla internet vasitəsilə, onlayn oyun zamanı tanış olub: “Sinan Türkiyə vətəndaşıdır. Mən ali təhsil almaq üçün Türkiyəyə gedərkən onunla görüşdüm, dostlaşdım. Onun mənə yardım edə biləcəyini düşündüm.
Türkiyənin İzmir şəhərində “Dokuz Eylül” universitetində təhsil almışam. Sinan məndən 3 yaş böyükdür. Daha sonra Sinanın mənə fərqli hisslər bəslədiyini hiss etdim”.
“Məni təhdid etməyə başladı”
Təqsirləndirilən şəxs qeyd edib ki, Türkiyəyə gəldikdən təxminən bir həftə ərzində Sinanın homoseksual olduğunu öyrənib və ondan uzaqlaşmağa başlayıb: “Sinan mənə hədə-qorxu gəlməyə, məni təhdid etməyə başladı. Məhz bu səbəbdən təhsilimi yarımçıq qoyaraq Türkiyədən vətənə qayıtmalı oldum.
Sinan hakerdi, Türkiyədə məni ailəmlə bağlı təhdid edirdi. Fərqli mobil nömrələrdən zəng edərək, ailəmi bezdirəcəyini bildirirdi. Məni zorla ailəsinə zəng etdirərək, guya onun bıçaqlandığını deməyim barədə göstəriş vermişdi.
Bütün bunlardan sonra Azərbaycana qayıtdım. Bir müddət sonra Sinan da Azərbaycana gəldi, yenidən görüşdük. Bu zaman atam mənə zəng vurdu, gec olduğunu və evə qayıtmağımı bildirdi. Amma Sinan məndən əl çəkmədi və getməyimi istəmədi. Mən də bunu atama izah etdim”.
“İntim münasibətdə olmaq istədi”
Cəlal qeyd edib ki, küçədə Sinanla gedərkən, atası ilə qarşılaşıb: “Atam Sinandan məndən əl çəkməyini xahiş etdi. O, atama hücum çəkdi. Sinandan tələb etdim ki, atamdan və məndən əl çəksin, amma buna əhəmiyyət vermədi. Bu zaman özümü itirdim, belə bir hərəkətə yol verdim. Hazırda törətdiyi əməldən səmimi peşmanam”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə Biləcəri qəsəbəsində baş verib: “Sinan mənimlə tanış olduqdan sonra Azərbaycana gəlib-getməyə başladı. Təxminən 6 ildir bir-birimizi tanıyırıq. Türkiyədə bir yerdə qalmışıq. Onunla intim münasibətdə olmamışam. Mənimlə intim münasibətdə olmaq istəyib, lakin onun təklifini rədd etmişəm. Mən Sinandan qaçaraq Azərbaycana qayıtmışam”.
“Otelə getmək barədə təklifinə rədd cavabı verdim”
Cəlalın ifadəsinə görə, Sinan Azərbaycana gələndə onu qarşılamayıb: “Amma Azərbaycanda onunla görüşmüşəm, bir evdə qalmışıq. Aramızda hər hansı formada münasibət olmayıb.
Sinanla sonuncu dəfə hadisə günü məni təhdid etdiyi üçün görüşdüm. Mənə otelə getməyi təklif etdi, rədd cavabı verdim. Atam zəng etdi, evə qayıtmalı olduğumu dedi. Sinan məndən əl çəkmədi. Onunla otelə gedəcəyimi, ancaq oteldə yerləşdikdən sonra geri qayıdacağımı dedim.
Küçədə Sinanla gedərkən atamla qarşılaşdım. Atam Sinandan xahiş etdi ki, məndən əl çəksin. Sinan atama hücum çəkdi. Daha sonra məlum hadisə baş verdi. Atamla Sinanı aralaya bilmədiyimi gördüm, özümlə Gəncədən piştaxtadan götürərək gətirdiyim bıçaqla onu vurdum.
Mən üzərimdə müntəzəm bıçaq gəzdirməmişəm. Sinana dəqiq neçə bıçaq xəsarəti yetirdiyimi xatırlamıram. Fiziki cəhətdən məndən daha cüssəli olduğu üçün onu qorxutmaq istəmişəm”.
“İstirahət etmək istəyirdim”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sinanın sözlərinə görə, 2024-cü ildə Bakı şəhərinə gəlib: “Bakıda dostum Cəlalla razılaşdıq ki, Gəncə şəhərində ev tutub, orada yaşayaq.
Cəlalı sosial şəbəkədən tanıyırdım. Türkiyədə universitetdə təhsil alır. Gəncə şəhərində ev ucuz olduğundan orada kirayə tutaraq yaşayırdıq. Mən Bakı şəhərinə təzə gəldiyim üçün Cəlalla razılaşaraq burada şəhəri gəzmək və istirahət etmək istəyirdim”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisədən əvvəlki günlərin birində Gəncədən Bakıya gəlib və burada oteldə yaşayıb: “Cəlal da mənimlə birlikdə oteldə qalırdı.
Hadisə günü Cəlalla görüşüb birlikdə pivə içdik. O məni “Kristal” otelə yola salmalı idi. Bu zaman Cəlalın atası bizim yanımıza gəldi. Məlum olmayan səbəbdən oğlunun mənimlə oteldə qalmasına etiraz elədi.
Cəlalın atasına oğluna heç bir zərər vurmadığmı, özünün mənimlə qalmaq istədiyini bildirdim. Bu zaman Cəlal əsəbləşərək cibindən bıçaq çıxardı və məni vurmağa başladı. Mən əlimi irəli verdim, bilək və əlimdən xəsarət aldım.
Cəlal döş, qarın və əl nahiyələrimdən məni vuraraq xəsarətlər yetirdi. Qışqıraraq qaçdım, yoldan keçən bir maşın saxladım və sürücü məni xəstəxanaya gətirdi. Orada həkimlər məni əməliyyat edərək reanimasiyaya stasionar müalicəyə yerləşdirdilər”.
“Əzab-əziyyətlər çəkdim”
İş üzrə şahid qismində ifadə verən Vaqifin sözlərinə görə, 2022-ci ildə oğlu Cəlal Türkiyəyə təhsil almağa göndərib: “Mən oğlumla Sinanın tanış olduğunu, onun oğlumu narahat etdiyini öyrəndim. Təhsil qrupunun rəhbəri mənə zəng edərək, oğlumu yerləşdirə bilmədiyini, Sinanın onu narahat etdiyini bildirdi. Türkiyəyə gələrək oğlumu aparmağımı istədi.
Türkiyəyə gələcəyimi, mən gələnə qədər oğlumdan muğayat olmağı müəllimdən xahiş etdim. Türkiyənin İzmir şəhərinə getdim. Müəllim mən gələnə qədər Cəlalı polisin nəzarətinə vermişdi.
Polislər Cəlalı yasaq evinə yerləşdirdilər. Yasaq evinin rəisi Orhan bəy mənimlə və müəllimlə görüşdü. Mən Sinanı da yanıma çağırdım. Polis rəisi Sinana bir daha Cəlala yaxınlaşmamağı, Cəlalı rahat buraxmağı tapşırdı.
İki gün İzmirdə qaldım. Orada böyük əzab-əziyyətlər çəkdim. Daha sonra oğlumu da götürərək, geri qayıtdım”.
“Bizə köməklik göstərildi”
Vaqif qeyd edib ki, Cəlal daha sonra Gəncədə yerləşən Texnologiya Universitetinə qəbul olub: “Bu müddətdə Sinan bizdən qisas almaq məqsədilə fərqli nömrələrdən evə zəng etməyə, bizi narahat etməyə başladı. İnternet resurslarından istifadə edərək bizim sifariş etmədiyimiz məhsulları evimizə sifariş etdi. Barəmizdə polisə yalan məlumatlar verdi. Bizi hər vəchlə narahat edir, gündəlik həyatımıza maneələr yaradırdı.
Sinan bir dəfə oğlumu qaçırmağa nail oldu. İki ay oğlumdan xəbər ala bilmədim, polisə müraciət etdim. Polislər Cəlal 18 yaşından böyük olduğu üçün ona nəzarət edə bilməyəcəklərini bildirdilər. Mən isə belə olduqda təhlükəsizlik orqanına müraciət etdim və orada bizə köməklik göstərildi”.
Vaqif bildirib ki, Sinanın kibercinayətkar olduğunu, bu səbəbdən Azərbaycana girişinin qadağan edildiyini öyrənib: “Sonuncu dəfə Azərbaycana gələndə ona bilet alaraq Türkiyəyə geri göndərməyi təklif etdim. Sinan da razılaşdı.
Sonra yenidən Cəlalı narahat etdiyini öyrəndim. Cəlal mənə Sinan barəsində polisə şikayət etməyi təklif etdi. Mən isə bunu özümə sığışdırmadım”.
“Hadisə anidən baş verdi”
Vaqifin sözlərinə görə, hadisə günü Cəlal Sinanla birlikdə olub: “Gecə olmasına baxmayaraq, Cəlal evə gəlmədi. Onu axtarmaq üçün küçəyə çıxdım. Təxminən 150 metr getdikdən sonra Cəlalla Sinanın uzaqdan gəldiyini gördüm. Sinan içkili vəziyyətdəydi.
Ondan oğlumdan əl çəkməsini, evinə geri qayıtmasını xahiş etdim. Sinan mənə yumruq atdı, oğlum isə etiraz edərək bizi ayırmağa çalışdı. Hadisə vaxtı Cəlalın Sinanı necə və hansı formada vurduğunu görmədim. Yalnız Sinanın “ambulans” deyərək qaçdığını gördüm. Hadisənin gecə saatlarında və anidən baş verməsi səbəbindən təfərrüatları görmədim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.