Xəbər verdiyimiz kimi, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Səfirin tezliklə Bakıya gələcyi və vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Bakupost.az Birol Akgünün bioqrafiyasından önəmli məqamları təqdim edir:
Birol Akgün 1968-ci ildə Manisa şəhərinin Soma rayonunda doğulub, türk siyasətşünası, akademik və yazardır. Hazırda Türkiyə Maarif Vəqfinin sədri olan Akgün Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin İctimaiyyət İdarəedilməsi ixtisasını bitirib. Bundan sonra isə Milli Təhsil Nazirliyinin təqaüdü ilə Keys Vestern Rezerv Universitetində magistratura və doktorantura təhsilini tamamlayıb.
Akademik karyerası zamanı Selçuk Universiteti və Necmettin Erbakan Universitetində fəaliyyət göstərib, hazırda isə Ankara Yıldırım Beyazıt Universitetində Beynəlxalq Əlaqələr ixtisasından dərs deyir.
Akgünün tədqiqat sahələri arasında müqayisəli siyasət, beynəlxalq əlaqələr, diaspora və miqrasiya siyasəti, inkişaf etməkdə olan ölkələr və Türkiyənin xarici siyasəti mühüm yer alır.
2002-ci ildə “11 Sentyabr. Dəyişən dünya bərabərlikləri və Türkiyə” adlı əsəri ilə Milliyet Sosial Elmlər Birincilik Mükafatını qazanıb.
Akgün vətəndaş cəmiyyətinin işində də fəal şəkildə iştirak edir. O, aşağıdakı əsərlərin müəllifidir:
21-ci əsrin ədəbiyyatında Türk xarici siyasəti, 2001
Türkiyədə Seçici Davranışı-Partiya Sistemi və Siyasi Təhlükəsizlik, 2002
Qlobal Sistemdə Siyasət, İdarəetmə və İqtisadiyyat, 2002
Müasir Türkiyədə Siyasi Düşüncə: Milliyyətçilik, 2002
Terrorun Şəkilləri, Şəkillərin Terroru, 2004
Müasir Türkiyədə Siyasi Düşüncə: İslamçılıq, 2004
11 Sentyabrdan Sonra Dünya, ABŞ və Türkiyə, 2006
Cümhuriyyətlərdən İmperatora – Amerikan Prezidentliyi, Şaban Tanıyıcı ilə, 2008
Beynəlxalq Təşkilatlar və Türkiyə, Şaban H. Çalış və Önder Kutlu ilə, 2006
Rəhman, BakuPost