Zahid Nurəliyev
Dünən o taksi Heydər Əliyev prospektində uçarkən yerdə çoxunun diqqətindən qaçan iki qəribə həngamə oldu...
Qədirbilən xalqımız yaralı dizini qucaqlayıb oturan yüzminilliyin “ən bacarıqlı sürücüsü”nə yeni avtomobil almağın yollarını düşünürdü. Elə bu vaxt "Son zəng"lə bağlı sintetik yorğanımıza birə dolduracaq bir xəbər yayıldı.
Yazdılar ki, bəs deməzsənmi, orta məktəblərə "Son zəng" tədbirləri ilə bağlı təlimat gəlib. İndən belə "Son zəng" günü hamı bir nəfər kimi məktəbli formasında olmalıdı. Meyxanaya, bayağı musiqilərə qulaq asmaq, oynamaq qəti qadağandı. Hələ bu harasıdır? Məzunlara Vyana, canım sizə desin, Boston valsı da qəti qadağan olunub. Ümumiyyətlə, şagird əncəbi musiqilər altında rəqs edə bilməz. Yalnız milli rəqslərə - "Tərəkəmə"yə, "Heyvagülü"nə və sairə icazə verilir. Məktəbə gitara, sintezator-filan kimi yadelli musiqi alətlərini gətirmək də olmaz. Yalnız milli alətlər - tar, saz, kamança və s. İfalar da mütləq canlı olmalıdır...
Hə, bir də sağ olsunlar, "təlimat"ı kimlər hazırlamışdısa, multikultural dəyərlərdən heç də tamamilə xali insanlar deyildilər. Orada belə bir cümlə də vardı: "Məzunlara məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə icazə verilir". Yəni, cənub tərəfdə "Hakuşta" demək, şimalda sındıra-sındıra "Ləzginka" oynamaq olar...
Xəbəri oxuyan kimi fikir məni götürdü. Belə şey olar? Meyxanasız, “oğru”suz, batman-batman hədiyyələrsiz, qabağı göyə qalxan “07”-lərsiz “Son zəng” olar? Bunu necə həzm edə bilərik ki?..
Şükür, handan-hana da olsa, başları Bakı səmasında uçan “Bolt” videosunu təkrar-təkrar izləməyə qarışan rəsmilər məsələdən xəbər tutdular.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) təkzib yaydı. Yeri gəlmişkən, sizi bilmirəm, bu qurumun adı gələndə məni gülmək tutur... MÜTDA... Qızım təzə dil açanda yumurtaya belə deyirdi...
Nəysə, bu bizim MÜTDA açıqlama yaydı ki, deyilənlər ağ yalandır, ortada təlimat-zad yoxdu. Dərindən bir nəfəs almışdım ki, lənətə gəlmiş şeytan qulağıma fısıldadı: Bu xəbəri kim yaymışdı ki? Oğulsan, gəl cavab ver.
“Bəlkə Tramp? Son vaxtlar hər yeri çalxalayır axı… Yox, bizim “Son zəng”lə nə işi, barmaq eləsə, çinlilərin “Son zəng”inə eləyər. Bəlkə başqa planetdən gəlib? Hə? Məsələn, son vaxtlar Marsa əməllicə yaxınlaşmışıq. Aramızda yaşayan yadplanetlilər ola bilərmi? Ə, bəsdi, sən Allah…”
Cavab yoxdu ki… Mediamız da, maşallah, “yalan ayaq tutar, amma yeriməz” məsəlini çürütmək üçün əlindən gələni edir.
Bizim mediada yalan nəinki yeriyir, hətta şütüyür... Yalan üçün ən yüksək kateqoriyalı yol bizim media məkanımızdır. Burada hər gün aprelin 1-dir... Kiminlə istəyirsiz zarafat edə, necə istəyirsiz yalan danışa bilərsiz, tirajlanacaq... O "informasiya təhlükəsizliyi" deyilən məsələ var ha, onun özü də bir zarafatdır...
Keçək ikinci məsələyə. Söhbət Fənn Olimpiadalarının Respublika mərhələsinin suallarından gedir. Dünən riyaziyyat elmləri doktoru, professor Rəşid Əliyevin məqaləsi yayldı və aydın oldu ki, Azərbaycanın ən savadlı şagirdlərini üzə çıxarmağı hədəfləyən Olimpiadada riyaziyyat üzrə 30 sualdan 9-u səhvdir. İndi iki gündür bunun üstündə professorla Təhsil İnstitutu arasında qırğın gedir. İnstitut dünən açıqlama yayıb, 4 sualın səhv olduğunu etiraf etdi. Bu gün isə professorun israrından qəzəblənib cəmi 2 sualın yanlış olduğunu açıqladı. Rəşid müəllimsə bütün sualları yayıb və onların 9-nun səhv olduğuna dair sübutlarını təqdim edib.
Bax, gördünmü? Yenə təhsil, yenə yalan. Görəsən, yalançı kimdi? Bunu da bilmirəm. Bir onu dəqiq bilirəm ki, özümüz də, təhsilimiz də, mediamız da o uçan taksinin içindədir... Ayaqlarınızdan muğayat olun!