Ukrayna sərhədçiləri hərbi xidmətdən yayınmaq üçün Macarıstanla sərhədi keçərək ölkədən qaçmağa cəhd edənlərə xəbərdarlıq atəşi açıblar.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Qərb Regional İdarəsi məlumat yayıb.
Qurumun Facebook səhifəsində dərc edilən məlumatlara görə, sərhədçilər yeddi kişi və bir azyaşlının saxlanılması üçün bir neçə xəbərdarlıq atəşi açıblar.
Bundan əlavə, Ukrayna Dövlət Sərhəd Xidməti özünün Telegram kanalında kişilərin xaricə qanunsuz səfərləri üçün Lvov və Kiyevdə fəaliyyət göstərən kanal aşkarlanması barədə məlumat yayıb. Axtarışlar zamanı yazılı qeydlər və elektron məlumatların ələ keçirildiyi, 3 şübhəliyə artıq cinayət işi açıldığı bildirilir.
Ötən həftənin sonunda Ukraynada çağırış yaşında olan kişilərin xaricə daşınması üçün kanalların müəyyən edilməsi məqsədilə 600 axtarış aparılıb. Nəticədə qanunsuz sxemlərin təşkilatçılarına və iştirakçılarına qarşı 60-dan çox ittiham irəli sürülüb.
Zaur, BakuPost