Ru
16:25 / 01 Aprel 2025

Ukraynadan sonra Rusiyanın hədəfi Ermənistan olacaq - Açıqlama

Ukraynadan sonra Rusiyanın hədəfi Ermənistan olacaq - Açıqlama
Eye

“Qərbin məqsədi Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq və öz tərəfinə çəkməkdir. Bunun üçün də Ermənistana Avropa İttifaqına (Aİ) üzv olmaq vədi verilib. Aİ-nin üzvü olmaq Ermənistan rəhbərliyinin ən böyük xəyalı, arzusudur. Bu elə arzu olaraq da qalacaq. Çünki real üzvlük mümkün deyil”.

Bunu politoloq Qabil Hüseynli Bakupost.az -a deyib. O bildirib ki, Aİ Ermənistandan Rusiyaya qarşı alət kimi istifadə edir. Ermənistan isə hər zaman olduğu kimi, alət olmaq funksiyasına açıqdır:


“Məlum olduğu kimi, Aİ Gürcüstanı bir müddət belə alət kimi istifadə etdi. Nəticədə Gürcüstanın başına gələnlər göz qabağındadır. Əraziləri Rusiya tərəfindən işğal edildi, hələ də işğal davam edir. Eyni zamanda, Rusiya əlində olan iqtisadi rıçaqlardan istifadə etdi, Gürcüstan sosial-iqtisadi kataklizmlər yaşadı. Düzdür, Amerika və Avropadan qrantlar, ianələr hesabına ayaqda qalmağı bacardı, amma fakt budur ki, Gürcüstan əraziləri hələ də işğaldadır. Son illərdə Gürcüstan hökumətinin Qərblə münasibətləri pozuldu və biz baş verənləri görürük. İndi Ermənistan da Gürcüstanın taleyini yaşaya bilər”.

Politoloq vurğulayıb ki, Ermənistan Rusiyanın çətiri altındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Düzdür, Ermənistan bu təşkilatda fəaliyyətini dondurub, amma rəsmi çıxmayıb. Ən nəhayət, Ermənistanda hazırda Rusiyanın hərbi bazası mövcuddur. Gümrüdəki hərbi bazanın qalma müddəti isə 2040-cı ilədəkdir. Belə olan halda, Ermənistanın Aİ-yə yaxın perspektivdə üzvlüyü mümkün görünmür:
“Hazırda Ukraynadakı işğalçı müharibəyə görə təzyiq altında olan Rusiyaya qarşı təzyiqlər də azalır, atəşkəs, sülh məsələləri gündəmə gəlir. Yəni ki, Rusiya özünə gəlir. Bu zaman üzünü döndərəcəyi yer məhz Ermənistan olacaq ki, bu da ermənilərə yaxşı heç nə vəd etmir”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar