Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur. İlk onluğa Özbəkistan (354 ölüm), Ukrayna (305 ölüm) və Belarus (282 ölüm) da daxildir. Siyahıda Rusiya 27-ci, Qazaxıstan 35-ci, İran 54-cü, Türkiyə isə 117-ci yerdədir. Yaponiya, Fransa və Cənubi Koreya daha az riskli ölkələr kimi sıralanır və reytinqdə ən aşağı üç yeri tutur: 181-ci, 182-ci və 183-cü. Bu statistika Azərbaycanda səhiyyə sistemindən tutmuş sosial həyata qədər vəziyyətin necə olduğuna dair müəyyən təsəvvür yaradır.
Statistikaya görə, dünyada, o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri kimi insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.
Mütəxəssislər deyir ki, insanlarda artan ürək xəstəliyinin səbəbi pisləşən həyat tərzi vərdişləri, yəni qeyri-sağlam pəhriz və fiziki aktivliyin olmamasıdır.
Bəzi araşdırmalar göstərir ki, COVİD-19 infeksiyası son bir neçə ildə əlavə təhrikedici faktora çevrilib. COVİD-19 pandemiyası dövründə xəstəliyi yaradan virusun bütün digər daxili orqanlar kimi, ürəyə də bir sıra zərərləri olub. Virusa yoluxmuş insanlarda, xüsusilə də gizli ürək xəstəliyi, artıq çəkisi, şəkərli diabeti, hipertoniya xəstəliyi olan insanlarda COVİD-19 virusu ürəklə bağlı problemlərin üzə çıxmasına şərait yaradıb.
Ən narahatedici tendensiya odur ki, yaşlı insanlar arasında ölüm hallarının azalmasına baxmayaraq, gənclər arasında infarkt bütün dünyada artmaqdadır. Həm Azərbaycanda, həm də dünyanın bütün yerlərində kardioloqlar və ictimai səhiyyə mütəxəssisləri bunu əhali sağlamlığı üçün təcili vəziyyət hesab edir. Gənclər 20-45 yaş arasında olanlardır və hər bir ölkənin sosial, iqtisadi və digər aspektlərdən ən məhsuldar əhali qrupudur. Bu səbəbdən, həmin yaşdakı şəxslərin xəstələnməsi və ölümü həm dərhal, həm də orta və uzunmüddətli vədədə ölkələr üçün ciddi problemlərə gətirib çıxaracaq.
Tibb üzrə ekspert, professor Adil Qeybullanın sözlərinə görə, Azərbaycanda son illərdə ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının artmasına səbəb keyfiyyətsiz qidalardır:
“Ürək xəstəliklərini sürətləndirən əsas qida isə keyfiyyətsiz yağlardır. Bu gün bazarda olan yağların böyük əksəriyyətinin keyfiyyət parametrləri çox aşağıdır. Onların tərkibinə müxtəlif bitgi yağları vurulur. Bunlar metobolizmə uğrayanda xolistrinin mübadilə məhsulları, xüsusilə xırda fraksiyalı xolistrin damarlara köçür. Nəticədə damarlarda daralma baş verir. Ürək xəstəliyinin artmasının digər əsas səbəblərindən biri isə insanların hərəkətsizliyi ilə bağlıdır. Çox təəssüf ki, bu gün Azərbaycanda da avtomobildən istifadə edənlərin sayı sürətlə artır. İnsanlar demək olar ki, hər yerə avtomobillə getməyə üstünlük verirlər. Piyada gəzməkdən qaçırlar. Bu da insanın qəbul etdiyi qida ilə sərf etdiyi kalori arasında disbalans yaradır. Həddən artıq çox qida qəbul etməyə rəğmən, insanlar hərəkətsiz qalır. Ya da çox az hərəkətdə olur, yürüş etmirlər”.
A.Qeybulla bildirib ki, insanlar qidanı düzgün qrafiklə qəbul etmirlər. Əsasən də günün ikinci yarısında və geç saatlarda daha çox qidalanırlar:
“Bu gün çoxları günün ikinci yarısı yeməyə daha çox üstünlük verir. Bu cür həyat tərzi dəyişdirilməlidir. Gec saatlarda qida qəbul etməyin orqanizm üçün çox böyük zərərləri var”.
A.Qeybulla ürək xəstəlikləri riskini azaltmaq üçün keyfiyyətli qidalanmanın, hərəkətliliyin şərt olduğunu deyir. Bununla yanaşı xolistrinin yüksəlməməsi üçün vaxtaşırı müayinə olunmaq da vacibdir:
“İnsanlar qidalarına diqqət yetirməli, keyfiyyətli qida və yağlardan istifadə etməlidirlər. İdmanla məşğul olmalı, imkan daxilində passiv həyat tərzindən uzaqlaşmalıdırlar. Təmiz havada gəzmək çox vacibdir. Bəzən insanlar deyir, evdə gəzirik. Xeyr, havada gəzmək lazımdır ki, damarlara oksigen gəlsin, yağların parçalanması sürətlənsin, enerjiyə çevrilsin. Çörəyi yemirlər, amma şirniyyatı yeyirlər. Bunlar da un məmulatı sayılır axı. Şəkəri olan xəstələr kardioloqa getmirlər. Yalnız diabetlər üçün dərmanları qəbul edirlər. Onlar qan durulaşdırıcı, xolesterin dərmanlarını qəbul etməlidirlər. Dünyada qəbul olunmuş protokol var. Qidalanma mütləq düzgün olmalıdır. Xüsusilə 40 yaşından sonra qidalanmaya fikir verilməlidir, duzlu qidalardan, şirniyyatlardan uzaq durmaq lazımdır. Bununla yanaşı, istər qadınlar, istərsə də kişilər arasında siqaret çəkənlər artmaqdadır. Aşırı alkoqol qəbulu, narkotikə üz tutanların çoxalması və s. kimi zərərli vərdişlərə yiyələnmək tendensiyası da ölümləri tezləşdirir, əmək qabiliyyətinin erkən itirilməsinə səbəb olur”.
Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olanlar da əsas risk qrup hesab edilir.
A.Qeybullanın dediyinə görə, bu gün 50 yaşdan yuxarı insanların çox hissəsində ürək damarlarının kirəcləşməsinə görə, stendləşmə əməliyyatı aparılır. Bu, ürək xəstəliklərindən ölüm hallarını da artırır:
“Genefondun sağlamlığının qorunması istiqamətində kompleks tədbirlər işlənib hazırlanmalıdır. Cavan yaşda infartkdan, ürək dayanmasından ölənlərin sayının artması ciddi siqnal olmalıdır”.
Kardioloq cərrah, millət vəkili Rəşad Mahmudov bildirib ki, ürək xəstəlikləri tək Azərbaycanda deyil, bütün dünyada səhiyyə qarşısında duram əsas problemlərdən biridir:
"Ona görə də həyəcan təbili çalınır ki, 2050-ci ilə qədər ürək-damar xəstəlikləri "yüksək pillədə" qərar tutmaqda davam edəcək, hətta normadan daha çox artacaq. Texnologiya və dünyada səhiyyənin inkişafı artdıqca, orta ömür həddimiz artdıqca, bu xəstəliklərlə qarşılaşma ehtimalı da artır. Stress artır, qida çatışmazlığının qarşısının alınması üçün dünyada istehsal olunan süni qatqılı qidalar artır. Nəticədə önümüzdəki illərdə ürək xəstəliklərinin də artacağı gözlənilir. Bütün bunlar tendensiyaya daha həssas yanaşmamız üçün bir xəbərdarlıqdır. Əminəm ki, Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən insanların sayı artsa da, bu sahədə fəaliyyət göstərən xəstəxanalar, onların maddi-texniki bazası və yenidən hazırlanan kadrlar bu problemlərin öhdəsindən layiqincə gələcək”.
Psixoloq Vəfa Əkbər deyir ki, davamlı stressdən əziyyət çəkən insanlarda miokard infarktı, stenokardiya və arterial hipertoniya yaranır:
“Stress insanlarda ürək xəstəliklərinin yaranmasına səbəb olur. Stresi «sakit qatil» adlandrırlar, Belə ki, stress ürək xəstəliklərinin, qan təzyiqinin qalxmasının, ürək ağrılarının və döyüntüsünün pozulmasının yaranma səbəbidir. Bu səbəbdən də insanlar mümkün qədər stressdən uzaq olmalıdırlar”.
Sevinc,
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.