Ru
14:13 / 19 Mart 2025

USAİD və "Azadlıq" çirkin kampaniya aparırdı - Açıqlama

USAİD və "Azadlıq" çirkin kampaniya aparırdı - Açıqlama
Eye

Məlum olduğu kimi, Donald Tramp administrasiyası Beynəlxalq İnkişaf Agentliyindən (USAID) sonra Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzaladı.

Qeyd edək ki, Agentlik “Azadlıq radiosu” media korporasiyasına və "Amerikanın Səsi" radiostansiyasına nəzarət edir. Trampın sərəncamı ilə hər iki radionun hökumətdən maliyyələşdirilməsinə son qoyulub.

Xatırladaq ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası və "Amerikanın Səsi" radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırmışdı.

1970-ci illərin əvvəllərinə qədər “Azadlıq radiosu” Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsi hesabına maliyyələşib, çünki Konqresə özəl təşkilatları maliyyələşdirməsi qanunla qadağan edilib. Daha sonra radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxandan sonra qadağa götürülüb və maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa başlayıb.

Ekspertlər bildirirlər ki, “Azadlıq” radiosu “demokratik dəyərlər” bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə məşğuldur.

“Azadlıq” radiosu Azərbaycanla bağlı da illər boyu qərəzli və ikili standartlardan çıxış edən materialların dərci ilə tanınıb. Bu qurumların Azərbaycanda fəaliyyəti daha çox qərəz və ikili standartlar üzərində qurulub. Bununla bağlı faktlar kifayət qədərdir.

“Azadlıq radiosu” USAID-in maliyyə vəsaiti hesabına anti-Azərbaycan kampaniyası aparıb.

Təkcə 2024-cü maliyyə ilində USAİD layihələri üçün 36 milyar dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib. Bu, az qala orta səviyyəli dövlətin illik büdcəsindən 10 dəfə çoxdur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsil, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.

USAİD ümumilikdə 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT-ni və 6 mindən çox jurnalisti maliyyələşdirilib. Bu il fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb. Təkcə Ukraynada medianın 90 faizi USAİD tərəfindən maliyyələşdirilirmiş. 2024-cü ildə USAİD Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib. Bütün bu fitnəkar əməllər “azad mətbuat”, “söz azadlığı” adı altında törədilib. Ayrılan pul vəsaitləri ayrı-ayrı şəxslərin maraqları naminə xərclənib, təxribatçı fəaliyyətə sərf olunub.

Prezident İlham Əliyev çıxışı zamanı onilliklərlə erməni diasporunu dəstəkləyən belə strukturların fəaliyyətindən danışıb:

“Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz. Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-də o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, indiyə qədər xaricdə bir sıra mətbuat orqanları, özünü müstəqil adlandıran QHT-lər, Azərbaycan əleyhinə çirkin kampaniya aparırdı. Bunun arxasında USAİD-in durduğu heç kəs üçün sirr deyildi. Çünki ayrı-ayrı ölkələrdən gələn antiAzərbaycan bəyanatlarının məzmunu əslində eyni idi. Sanki tapşırıqlar bir mərkəzdən gəlirdi. Bir çox ölkələr Soros kimi USAİD-in fəaliyyətindən çox ciddi narazı idi:


“Keçən il USAİD-in büdcəsi 40 milyard dollar olub. Bu, kifayət qədər böyük bir rəqəmdir. Qarşısına demokratiya, insan hüquqları məsələsi qoyulsa da, təşkilat ayrı-ayrı ölkələrin daxili siyasətinə müdaxilə ilə məşğul idi. Bunun üçün oradakı siyasi partiyaları ələ alır, QHT-ləri maliyyələşdirir, media orqanlarına vəsait ayırırdı. Aydın məsələdir ki, kim ödəniş edirsə, sifarişi də o verir. Axır ki, ABŞ siyasi elitası bu təşkilatın ilk növbədə ABŞ-nın maraqlarına zidd siyasət apardığının fərqinə vardı”.


Millət vəkili Vüqar Rəhimzadə qeyd edib ki, USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub:


“Burada hansı məqsədin güdüldüyü bəllidir. Qərb təsir dairəsində saxaladığı təşkilatları bu və ya digər dövlətlərin daxili işlərinə qarışdırmaqla öz çirkin niyyətlərini, çızdığı planları həyata keçirməyə çalışırdı. Bu cəhdləri Azərbaycan kimi müstəqil, maliyyələşmədə, fəaliyyətdə şəffaflığa xüsusi önəm verən bir ölkədə reallaşdırmaq mümkün deyil. Azərbaycan təhlükəsiz, sabit ölkə kimi nüfuz qazanır. Təbii ki, bu uğurların əsasında dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ölkəmizdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır. Şübhəsiz, maliyyədə şəffaflıq əsas prinsiplərdəndir”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar