Ru
12:18 / 13 İyul 2024

Uşaq bağçalarında şiddət: hansı sərt tədbirlər görüləcək? - Açıqlama

5518

Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçanda müəllimin uşağa qarşı şiddət göstərməsi sosial şəbəkələrdə hiddətə səbəb oldu. Hadisədən sonra uşaq bağçasının müdiri və müəllimi işdən kənarlaşdırıldı. Çox təəssüf ki, uşaq bağçalarında bu cür hallara tez-tez rast gəlmək olur.


Bəs, nə etmək lazımdır ki, uşaq bağçalarında şiddət halları baş verməsin?




Bakupost.az -ın sualını təhsil üzrə ekspert Elşən Qafarov cavablandırıb.

Onun sözlərinə görə, istər uşaq bağçalarında, istərsə də digər təhsil müəssisələrində təhsilverənlərin davranışlarını tənzimləyən etik davranış qaydaları var:

“Hər bir təhsil müəssisəsinin rəhbəri orada həmin qaydalara riayət olunmasına görə məsuliyyət daşıyır. Bundan başqa hər bir təhsil müəssisəsinin özünün daxili intizam qaydaları olmalıdır. Hər bir işçinin, o cümlədən də təhsilverənlərin həmin etik davranış qaydalarına riayət etməsi onun vəzifə borclarından, öhdəliklərindən biri sayılır. Bu öhdəlikləri yerinə yetirməyən şəxslərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndiylə xitam verilir”.

Ekspert zaman-zaman təhsil müəssisələrində bu və ya digər neqativ hallara rast gəlindiyini bildirib:

“Məktəbəqədər təhsil müəssisələrində vəziyyət çox kritikdir. Hətta deyərdim, faciəli bir vəziyyətdir. Ölkədə təqribən 1950 məktəbəqədər təhsil müəssisəsi var və orada çalışan təhsil verənlərin sayı təqribən 17 mindən bir qədər artıqdır. Həmin 17 min təhsilverənin 5900-dən çoxunun, təqribən 6 min nəfərinin ümumiyyətlə, təhsili yoxdur. Yerdə qalan 11 min nəfərin də yarıdan çoxunun təhsili işi ilə bağlı deyil. Düşünürəm ki, məktəbəqədər təhsil müəssisələrində nizam-intizamı qaydasına qoymaq üçün ciddi addımlar atılmalıdır”.


E.Qafarov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bu istiqamətdə ciddi işlərə başladığını bildirib:

“Bir neçə aydan sonra onlarda diaqnostik qiymətləndirmələr, daha sonra sertifikatlaşma prosesi başlayacaq. Amma bu məsələdə ümumiyyətlə, məktəbəqədər təhsili olmayan şəxslərin sistemdən uzaqlaşdırılması, bu sahə üzrə təhsilli insanların gətirilməsiylə bağlı ciddi problemlər var”.



Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar