Rusiyanın Kursk vilayətinin Jeleznoqorsk şəhərində uşaq yemək bişirərkən mənzildə yanğın törədib.
Bakupost.az xəbər verir ki, uşaqlar yanan mənzildən xilas edilib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, qonşular yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin pəncərələrindən tüstü çıxdığını görüblər. Mənzildə səkkiz və iki yaşlarında iki uşaq olub. Onlar evdə böyüklərin nəzarəti olmadan qalıblar. Hadisə şahidləri dərhal xilasedicilərə müraciət ediblər.
“Qonşular böyük uşağı eyvandan tullanmağa razı salaraq onu tutublar. Digər körpə isə Rusiya FHN-nin yanğınsöndürənləri tərəfindən avtonərdivan vasitəsilə xilas edilib” - deyə Rusiya FHN-in Telegram kanalında qeyd olunub.
Bildirilib ki, uşaqlar tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ilə bağlı məlumat dəqiqləşdirilir.
Aparılan ilkin araşdırmalar göstərib ki, yanğın böyük uşağın yemək hazırladığı zaman başlayıb. İlkin ehtimallara görə, yanğın tavada olan bitki yağının alışması nəticəsində baş verib.
Rusiya FHN valideynlərə müraciət edərək evdə uşaqları nəzarətsiz qoymamağa çağırıb.
Lalə Novruz, BakuPost