Ru
17:17 / 17 Mart 2025

"Üzr istəyirəm, davam edə bilməyəcəyəm" - "Yuğ"un tamaşası niyə yarımçıq qaldı?

"Üzr istəyirəm, davam edə bilməyəcəyəm" - "Yuğ"un tamaşası niyə yarımçıq qaldı?
Eye

"Azdrama"nın arxasından yol çəkiləndən bəri, binaları plana düşüb, Kukla Teatrının məşq otağında “müvəqqəti” səhnə qurduqları vaxtdan 9 il keçir. Teatr prosesinin əsas lokomotivlərindən sayılan 35 yaşlı teatra Bakıda yer tapılmır. Bir nazir gedir, o biri gəlir. Xeyri yoxdir. Amma heç cür ölmür, yenə nəfəs alır “Yuğ” teatrı".


Bakupost.az xəbər verir ki, bunu jurnalist Lalə Əliyeva dünən "Yuğ" teatrında "Asılqan” tamaşası zamanı aktyor Elşən Əsgərovun xəsərət almasına münasibət bildirərkən yazıb.

"Elşən Əsgərovun qəfil oyunu saxlayıb “üzr istəyirəm, davam edə bilməyəcəyəm” deməsinin min səbəbi var, ikisini xatırladım.
1. “Yuğ”a illərlə sığınacaq vermiş Kukla Teatrının məşq otağı səhnə deyil. Təbii ki, kulis də kulis deyil. Zülmət qaranlıqda bir-birinin üstünə qalaqlanmış dekorlar arasında, cəmi 60 sm-lik “kulis”də sənə lazım olan onlarla rekviziti qarasına axtarıb tapmaq, 5 saniyə içində geyimləri dəyişib sonra yenə tamaşanın halına qayıtmaq nə deməkdir, bilirsiz? Onu da bilirsinizmi ki, aktyorların düz başı üstündə quraşdırılan işıqlar yay-qış onların dərisini necə yandırır? Bilirsinizmi, birinci sıra ilə yarım metr məsafədə hərəkət etmək aktyora nə zülmə başa gəlir?

2. Abdul (rejissor Abdulqəni Əliyev -red.) quruluş verdiyi tamaşalarda aktyorlarından yalnız bir şey tələb edir: səmimiyyət. Deyir, texnika boş şeydir, hər şey peşəkarlıqdan ibarət deyil, öz dərinliyinizə enin, mətni əzbərləməyin, yaşayın…
Bəli, 998-ni sadalamadığım bu 2 səbəbdən hadisənin məhz “Asılqan”da baş verməsinə təəccüblənmədim. Şəxsən mən - indiyə qədər bir neçə dəfə səhnədə dərin yara, ağır travma ilə tamaşanı başa vurmuş Elşənin tərəfindəyəm. Yeni tamaşanın dar kulisə təzə yığılmış dekorları arasında azıb qalan, rejissorun olduqca çətin tapşırıqlarını yerinə yetirmək üçün başı, gözü əziləndən sonra tamaşaçısına YALAN SATMAQ istəməyən, üzr istəyib “bacarmayacağam” deyən Elşənin yanındayam. Elə siz də… bəsdir yalan danışdınız… bəsdir…", - deyə jurnalist qeyd edib.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar