Ru
21:16 / 30 Sentyabr 2024

Vaqif İbrahimoğlu ilə “YUĞ” dövrü bitdi, amma...

503

Rəhman Bədəlov

Dünən parlaq tamaşaya baxdım. Sevindim, xatirələrə qərq oldum.
Sorüşa bilərsiniz ki, hansı tamaşadan söz gedir, tamaşanın xatirələrlə hansı əlaqəsi var?

...Keçmiş zamanın teatrı, keçmiş zamanın tamaşaları, videolentə çəkilsə belə, öz zamanında rəylər yazılsa belə, bir növ xatirədə qalır, yaxud mifə çevrilir (mədəniyyəti canlandıran mif). Artıq Vaqif İbrahimoğlu ilə bağlı “YUĞ” teatrı yaddaşlardan silinmir, mədəniyyəti canlandıran mifə çevrildi. Və mədəniyyətimizn yaddaşında yaşayır.

Vaxtilə mən “YUĞ”un demək olar ki, bütün tamaşalarına baxmışdım, üstəlik illər boyu Vaqif İbrahimoğlu ilə maraqlı söhbətlərim olub. Onun haqqında xatirə də yazmışam. İnanmaq istəyirəm ki, Vaqif İbrahimoğlunun və “YUĞ” mifinin (təkrar deyim, enerji verən mifdən söhbət gedir) canlanmasında mənim də payım var.

Vaqif İbrahimoğlu həyatdan gedəndən sonra məni dəvət eləsələr belə, “YUĞ” tamaşalarına getmədim. Ola bilsin ki, xatirəmdəki auranı dağıtmaq istəmirdim, bəlkə başqa səbəblər var idi. Bütün hallarda Vaqif İbrahimoğlu ilə mənim üçün “YUĞ” dövrü də bitdi. Çox guman ki haqlı deyildim, amma özümü nə ittiham eləmək istəyirəm, nə bəraət qazandırmaq.
Beləliklə, 9 il keçdi...

O günü “YUĞ”un indiki baş rejissoru Mikail Mikailov məni tamaşasına dəvət etdi. Və nədənsə düşündüm ki, mütləq getməliyəm.

Yanılmadım, tamaşa parlaq idi. “YUĞ”un ruhu qalmışdı, halbuki poetika dəyişmişdi. Yenə “YUĞ”da olduğu kimi, səhnədə teatr idi, teatr dili, teatr plastikası, səhnədən söylənən sözlər belə teatrlaşırdı, səhnələşirdi.

O gün “YUĞ” da Matey Vişnekin pyesi əsasında “P.A.N.D.A.” tamaşası oynanırdı. Çox guman ki “P.A.N.D.A.” abbreviaturadı, axı Vişnekin pyesinin əsl adı belədi: “Frankfurtda rəfiqəsi olan, saksofon ifaçısının adından danışılan panda ayının əhvalatı”. Etiraf eləyim ki dünənəcən Matey Vişnekin adını tanımırdım, halbuki o artıq teatr dünyasında məşhurdu, pyesləri bütün dünyanın teatrlarında oynanır. O günü oynanılan pyes də parlaq idı, bir tərəfdən sürrealistik, bir tərəfdən absurdist, bir tərəfdən qroteskli, bir tərəfdən fantasmoqorik və bunları cəm şəklinə gətirə bilən, mayası da demək olar, bir damcı (bir damla) ... söz tapmıram, rus dilində deyim, “nejnost” (нежность).

Məncə, bu ovqatı – həm realistik, həm mistik –iştirakcılar tamaşada böyük ustalıqla yarada bildilər və bu əsl teatr hadisəsi idi, əsl teatr möcüzəsi.

Sonda yaradıcıların adını deyim: Mikayıl Mikayılov (rejissyor), Oqtay Mehdiyev (aktyor), Günəş Teqin (aktrisa), Umay Həsənova (rəssam).

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar