Xəbər verdiyimiz kimi, millət vəkili Zahid Oruc velosiped yollarından şikayət edib. O bildirib ki, Bakıda velosiped üçün yollar yaradılsa da, velosiped sürən yoxdur:
“Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub. Velosiped yolları yaratmışıq, ancaq velosiped sürən varmı? Yox. Bu gün Azərbaycan cəmiyyəti alternativ enerjiyə keçməyə hazırdırmı? Kimsə sorğu edə bilirmi, cəmiyyətdə alternativ enerjiyə baxış necədir? Həqiqətən günəşi və küləyi real enerjiyə çevirməyə hazırıqmı? Bu sahədə böyük işlər görməliyik".
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı Bakupost.az -a deyib ki, sıxlığın çox olduğu ərazidə salınan velosiped zolağı tıxacların artmasına səbəb olur. Avtobus zolaqları çəkilib, onlar rahat hərəkətlərini davam etdirir, lakin digər nəqliyyat vasitələri velosiped yolları səbəbindən yolda qalır:
“Zolaqlar çəkilərkən öncə təhlillər, araşdırmalar aparılmalıdır. Baxmaq lazımdır ki, bu istiqamətdə hərəkətin intensivliyi necədir, nə qədər velosipedçi var, zolaqlar nə dərəcədə əhəmiyyətlidir və s. Bəlkə velosiped zolağı geniş səki və parkların ərazisindən salınmalıdır ki, yola təsir etməsin. Velosiped zolaqları çəkilərkən süni maneələr qoyulub. Bu halda avtobus ora girə bilmir. Velosiped zolağı sağ tərəfdədir, avtobus isə ondan sonrakı zolaqdadır. Belə ki avtobus yolun ortasında dayanır. Ola bilsin ki, bu hansısa ölkədə tətbiq olunur. Lakin ənənəvi araşdırdığımız ölkələrdə belə bir metod yoxdur. Zənnimcə, bu nüanslara bir daha nəzər yetirmək lazımdır. Velosiped istifadəçilərinin təhlükəsiz hərəkəti üçün bu zolaqların çəkilməsi yaxşıdır. Amma hər küçədə zolaqları kəsib avtomobilləri saatlarla tıxacda saxlamaq da doğru addım deyil".
Elməddin Muradlı əlavə edib ki, bəzi küçələrdə yolun sağ hissəsi velosiped zolağı kimi istifadə olunur. Ondan sonrakı zolaq saxlamaq, digəri isə nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub:
“Hesab edirəm ki, bu yanaşma təhlükəsizlik baxımından düzgün deyil. Təsəvvür edin ki, yolun ortasında maşınlar dayanır. Sol tərəfdə avtomobillər hərəkət edir, sağ tərəfdəni sə ayda bir dəfə bir velosiped keçir. Doğrudur, bu xətlənmənin əhəmiyyəti var. Velosiped zolaqları olmalıdır. Lakin bu formada tətbiq etmək düzgün yanaşma deyil. Fikrimcə, sağ hərəkət hissəsi birbaşa parkinq olmalı, velosiped zolağı isə solda olmalıdır. Vətəndaşlar avtomobillərini rahat şəkildə park edib çıxa bilməlidirlər”.
Sevinc,
BakuPost