Xəbər verdiyimiz kimi, dünən paytaxtda yerləşən “Venesiya” şadlıq sarayında 36 nəfər zəhərlənib. Onlar dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Toyda zəhərlənməyə görə məsuliyyət kimin üzərinə düşür?
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Cavad Cavadovun sözlərinə görə, məsuliyyət toy sahibi ilə müqavilə bağlayan şəxsin üzərinə düşür:
“Müqavilə yalnız rəsmi qaydada olmur, şifahi də ola bilər. Qanuna görə şadlıq sarayı sahibkarlıq fəaliyyətini həyata keçirən bir subyekt kimi toy sahibi ilə şifahi müqavilə bağlayır. Buna əsasən də göstərdikləri bütün xidmətə görə cavabdehlik daşıyırlar. Burada ilk növbədə şadlıq sarayını işlədən şəxslərin kimliyini müəyyən etmək lazımdır. Danışığın kiminlə aparıldığı məlum olmalıdır. Baş verən zəhərlənmə şadlıq sarayını işlədən şəxsin məsuliyyətidir”.
Vəkil cəzanın yekun rəydən sonra məlum olacağını bildirib:
“Bilirsiniz, kiminsə cəzalandırılması şəxslərin sağlamlığına vurulan zərərin nəticələrindən asılıdır. Ola bilər, zəhərlənmə satılan hansısa qida və ya spirtli içkidən baş versin. Hazırda ilkin əlamətlərlə cinayət məsuliyyətini müəyyən etmək çətindir. Bunların hamısı araşdırmanın nəticəsindən sonra bəlli olacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) artıq araşdırmalara başlayıb. Araşdırmaların da nəticəsinə görə inzibati və ya cinayət məsuliyyəti məsələsi həll olunacaq”.