Qarabağ müharibəsi veteranı, Xocalı faciəsinin canlı şahidi, veteran təyyarəçi Kazım Abbasov dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, bu barədə onun həmkarı, tanınmış pilot Bayram Muxtarov məlumat verib.
Bildirib ki, bu ayın 18-də onun 83 yaşı tamam olmuşdu.
Qeyd edək ki, Kazım Abbas oğlu Abbasov 18 mart 1942-ci ildə Bakıda doğulub. 1961-ci ildə 193 saylı orta məktəbi bitirib və 1962-ci ildə Kremençuq Aviasiya məktəbinə qəbul olub. 1965-ci ildə həmin məktəbi təyyarəçi ixtisası üzrə başa vurub. Ardınca - 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Daxili yanma mühərrikləri” ixtisasına yiyələnib.
Azərbaycan mülki aviasiyasında əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş Aviadəstəsində Mi-4 helikopterinin ikinci pilotu kimi başlayıb.
1965-2003-cü illər ərzində Mi-8, Mİ-8MTB, Sikorski-76 tipli helikopterlərin pilotu, komandiri kimi 21.450 saat uçuş yerinə yetirib. I dərəcəli pilot idi.
Qarabağ müharibəsi veteranı olub. Döyüş zonasında 1557 uçuş keçirib, təhlükəli şəraitdə, atəş altında ümumi hesabla 1654 saat havada olub. Onun idarə etdiyi helikopterlərdə 1248 nəfər yaralı döyüşçü, 2288 nəfər qaçqın, tonlarla döyüş sursatı, tibb ləvazimatı, ərzaq daşınmış, Qarabağda gedən döyüşlərdə erməni qruplaşmalarının məhv edilməsində də iştirak edib.
Kazım Abbasov 2003-cü ildən “Silk Way Helikopter Services” aviaşirkətində Uçuş metodiki iş üzrə mühəndis vəzifəsində çalışıb.
Mülki aviasiyada göstərdiyi xidmətlərinə görə bir çox fəxri fərmanlara layiq görülüb, 1980-ci ildə “Aeroflot əlaçısı” döş nişanı, 1983-cü ildə Qırmızı Əmək Bayrağı ordeni, 1987-ci ildə “Əmək veteranı” medalı ilə təltif edilmişdi. Zabrat aviamüəssisəsində çalışmış aviatorlar arasında dəfələrlə fəxri fərmanla “Ən yaxşı təyyarəçi” adına layiq görülmüş təyyarəçi idi.
Allah rəhmət eləsin!
Kazım Abbasov Qarabağ müharibəsində iştirakına görə 2019-cu ildə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Fədai” medalı ilə təltif olunub.