Kürdəmirdə vəzifəli şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxsə hökm oxunub.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 36 yaşlı Asif İsmayılova 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun sürücülük hüququ da 1 il 6 ay müddətə məhdudlaşdırılıb.
Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi qərara alınıb.
Bildirilib ki, ötən ilin iyul ayında baş vermiş hadisə vaxtı piyada, Kürdəmir Şəhər Avtovağzalının müdiri Rasim İsrafilov rayonun Bakı prospektində yol kənarında dayanıbmış. O, həyat yoldaşını paytaxta yola salmaq üçün maşın gözləyirmiş. Bu zaman A.İsmayılov “Ford Transit” markalı avtomobili arxaya doğru hərəkət etdirib. Nəticədə maşın R. İsrafilova dəyib. Yıxılaraq ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb